Aprelin
29-da Azərbaycan Dillər Universiteti (ADU) Beynəlxalq Çin Dili Günü münasibətilə
Çin Xalq Respublikasının müxtəlif ali təhsil müəssisələrini təmsil edən nümayəndə
heyətini qəbul edib. Səfər iki ölkə arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlığın
inkişafına həsr olunub.
Manset.az xəbər verir ki, tədbirdən
əvvəl ADU-nun rəhbərliyi - prorektorlar Jalə Qəribova, Şəfəq Şahməmmədova və Həmidə
Əliyeva ilə nümayəndə heyəti arasında görüş keçirib, qarşılıqlı maraq doğuran
mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşdə iki ölkə arasında təhsil
və mədəniyyət sahəsində əməkdaşlıq imkanları ətraflı müzakirə olunub.
Çin tərəfini
Hebei İqtisadiyyat və Biznes Universitetinin prorektoru Du Hongmei, Beynəlxalq
Mübadilə Mərkəzinin direktoru Shang Livei, İncəsənət Məktəbinin Partiya Təşkilatının
katibi Liu Jingwang və digər ali təhsil müəssisələrinin nümayəndələri təmsil
edib. Heyətin tərkibinə universitet rəhbərliyi, fakültə dekanları, müəllimlər,
musiqiçilər və tələbələr daxil olub. Səfər çərçivəsində ADU tələbələri ilə birgə
interaktiv tədbirlər, sənət və mədəniyyət proqramları təşkil edilib.
Hebei
İqtisadiyyat və Biznes Universitetinin nümayəndəsi universitetin beynəlxalq əməkdaşlığa
verdiyi əhəmiyyəti qeyd edib, son illərdə həyata keçirilən inkişaf
strategiyalarından və Konfutsi İnstitutları vasitəsilə qurulan mədəniyyətlərarası
dialoqun rolundan bəhs edib. O, Çində Azərbaycan dili və mədəniyyətinin
tanıdılması istiqamətində yeni əməkdaşlıq imkanlarının yaradıldığını
vurğulayıb.
Görüş
zamanı universitetlər arasında iki diplomlu proqramların təşkili,
kurikulumların uyğunlaşdırılması, birgə elmi jurnalların nəşri və tələbələrin
elmi rəhbərlik çərçivəsində dəstəklənməsi kimi təşəbbüslər irəli sürülüb. Tərəflər
bu istiqamətdə ilkin addım olaraq Anlaşma Memorandumunun imzalanmasını
planlaşdırıb.
Görüş
qarşılıqlı anlayış və əməkdaşlıq ruhunda keçib. Hər iki tərəf təhsil, elm və mədəniyyət
sahələrində davamlı əməkdaşlığa açıq olduqlarını bildirib. Sonda tərəflər təşəkkürlərini
bildirərək, belə təşəbbüslərin iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin
möhkəmlənməsinə xidmət etdiyini qeyd ediblər.
Danışıqlardan
sonra ADU-nun akt zalında rəsmi tədbir keçirilib. Tədbir Çin Xalq
Respublikasının Təhsil Nazirliyi, Çin Xalq Respublikasının Azərbaycandakı Səfirliyi
və ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun birgə əməkdaşlığı
ilə təşkil olunub.
Tədbirdə
hər iki xalqın milli musiqiləri və rəqsləri təqdim olunub, mədəni dəyərlər
nümayiş etdirilib. Sonda xoş arzular səsləndirilib, xatirə şəkilləri çəkilib və
tədbir rəsmi şəkildə başa çatıb.