“Tarixin izi ilə” filminin təqdimatı keçirilib - FOTO/VİDEO

17:45 - 31 Oktyabr 2025

“Tarixin izi ilə” filminin təqdimatı keçirilib - FOTO/VİDEO

Oktyabrın 30-da Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycan İrsi” layihəsinin yekun tədbiri keçirilib.


Manset.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində baş tutub.

 Tədbiri açılış nitqi ilə “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri və layihə rəhbəri Cəsarət Hüseynzadə açaraq, layihənin məqsədləri, görülən işlər və əldə olunan nəticələr barədə geniş məlumat verib. O qeyd edib ki, layihənin əsas məqsədi Qərbi Azərbaycanın dağıdılmış və izləri silinmiş maddi-mədəni irsinin elektron və vizual formatda sənədləşdirilməsi, arxivləşdirilməsi və beynəlxalq ictimaiyyətə tanıdılmasıdır.

Sədrin sözlərinə görə, Qərbi Azərbaycan ərazisindəki tarixi abidələr – məscidlər, qalalar, körpülər, karvansaralar, qəbiristanlıqlar və digər memarlıq nümunələri uzun illər ərzində sistemli şəkildə dağıdılıb, yer üzündən silinib və ya saxtalaşdırılaraq erməni abidələri kimi təqdim olunub.

Bu səbəbdən həmin abidələrə dair məlumatların toplanaraq vahid elektron bazada təqdim edilməsi mühüm əhəmiyyət daşıyır.

Layihə çərçivəsində təqdim edilən yenilənmiş qerbiazerbaycanirsi.az (www.westernazheritage.com) platforması Qərbi Azərbaycanın maddi-mədəni irsini əks etdirən interaktiv elektron bazadır. Hüseynzadə qeyd edib ki, ötən il yaradılan bu platforma 2025-ci ildə daha da təkmilləşdirilib — dizayn yenilənib, axtarış və filtr sistemləri genişləndirilib, məlumat bazası isə əhəmiyyətli dərəcədə zənginləşdirilib.

Əgər 2024-cü ildə bazada 200-dən çox abidə haqqında məlumat yerləşdirilmişdisə, 2025-ci ildə daha 250 abidə barədə məlumat əlavə edilib. Beləliklə, hazırda elektron bazada 500-ə yaxın abidə haqqında məlumat toplanıb.

Platforma istifadəçilərə Qərbi Azərbaycanın 21 abidə növü (məscid, qala, karvansara, körpü, qəbiristanlıq və s.) və tarixi mahal bölgüləri üzrə axtarış və filtr imkanları təqdim edir. Bütün məlumatlar Azərbaycan və ingilis dillərində təqdim olunur ki, bu da beynəlxalq auditoriyaya çıxışı asanlaşdırır.

Cəsarət Hüseynzadə bildirib ki, layihə çərçivəsində eyni zamanda “Tarixin izi ilə” sənədli filmi də hazırlanıb. Film İrəvan məscidləri, Sal-sal qalası və Aşağı Talın qalası kimi Azərbaycan xalqının qədim tarixi və zəngin mədəniyyətini əks etdirən abidələrdən bəhs edir.

Filmin çəkilişlərinə tanınmış tarixçi–araşdırmaçı alimlər cəlb olunub, beynəlxalq auditoriyaya çatdırılması məqsədilə ingilis dilində subtitrlər hazırlanıb. Tədbir çərçivəsində həm qerbiazerbaycanirsi.az saytının təqdimatı, həm də filmin çəkiliş prosesindən bəhs edən videoroliklər nümayiş etdirilib.

Hüquq və İnsan Haqları İnstitutun İdarə Heyətinin sədrinin müavini Vəfaddin İbayev çıxış edərək layihənin əhəmiyyətinə və tarix-mədəni irsin qorunmasının vacibliyinə toxunub: “Biz tariximizi, mədəni irsimizi araşdırmaqla torpaqları yada salırıq. Torpaq ana kimidir — o, əvvəl bizi yetişdirir, sonra bizi qorumağa və geri qaytarmağa çağırır. Buna görə də bizim vəzifəmiz torpaqları daim qorumaqdır,” — deyə o vurğulayıb.

 QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov layihənin beynəlxalq səviyyədə yaratdığı təsirli təəssüratları vurğulayıb:

“Bu layihələr Azərbaycan tarixinin beynəlxalq ictimaiyyətə dolğun və vizual formada çatdırılmasına xidmət edir. Qərbi Azərbaycan İrsi layihəsi bu baxımdan çox uğurlu rəqəmsal nümunədir.”

Daha sonra “Tarixin izi ilə” filmi nümayiş olunub və mövzu ətrafında müzakirələr aparılıb.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa çıxış edərək Qərbi Azərbaycan mövzusunda tarixi, hüquqi və ideoloji istiqamətlərin düzgün formalaşdırılmasının vacibliyini vurğulayıb.

Gələcəkdə Azərbaycan QHT-ləri, alimləri və ziyalıları beynəlxalq müzakirələrdə daha fəal və intellektual mövqe nümayiş etdirməlidirlər. Bu cür layihələr bizim milli yaddaşımızı gücləndirir. Əgər ədəbiyyatda, rəssamlıqda, elm və mədəniyyətdə adlarımız səslənməzsə, geridə qalarıq. Qələbəni yalnız döyüş meydanında deyil, düşüncə və yaradıcılıq sahəsində də qazanmaq lazımdır.”

Milli Məclisin deputatı Vüqar İskəndərov çıxış edərək, Azərbaycan tarixinin və mədəni irsinin daha geniş beynəlxalq auditoriyaya çatdırılmasında dil, format və təqdimat formalarının yenilənməsinin vacibliyini vurğulayıb.

Vüqar İskəndərov əlavə edib ki, Azərbaycan da öz zəngin tarixi və mədəni irsini bu cür kreativ vasitələrlə dünyaya təqdim etməlidir:

“Tarixi faktlar, sənədlər və sübutlar hazırdır — indi onları bədii formada dünyaya təqdim etməyin vaxtıdır. Azərbaycan tarixini müasir, vizual və beynəlxalq səviyyədə qəbul edilən formada təqdim etmək, milli mədəniyyətin qorunması və təbliği baxımından strateji əhəmiyyət daşıyır".

Milli Məclisin deputatı Müşfiq Məmmədli ictimai təşəbbüslərin və vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin fəaliyyətini yüksək qiymətləndirib.

Deputat bildirib ki, bu proseslərdə əsas məqsəd insan faktorunun önə çəkilməsi, görülən işlərin idarə olunan, məqsədyönlü şəkildə aparılmasıdır:

“Azərbaycanda isə dövlət və QHT-lər birgə şəkildə sağlam və şəffaf əməkdaşlıq modeli formalaşdırıblar.”

Müşfiq Məmmədli həmçinin qeyd edib ki, Qərbi Azərbaycan irsinin qorunması, milli-mənəvi dəyərlərin, musiqi və ədəbiyyat nümunələrinin gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlər xüsusi əhəmiyyət daşıyır.

Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev çıxış edərək layihə çərçivəsində hazırlanan filmin və digər məhsulların tarixi yaddaşın qorunması baxımından əhəmiyyətini vurğulayıb.

O bildirib ki, Qərbi Azərbaycan irsinin qorunması istiqamətində görülən işlər təkcə mədəni deyil, həm də milli kimliyin yaşadılması baxımından dəyərli təşəbbüsdür:

“Burada həm yeni texnologiyalardan istifadə olunur, həm də təqdimat forması baxımından müasir yanaşma nümayiş etdirilir. Filmin ingilis dilində subtitrlərlə təqdim edilməsi də çox vacibdir, çünki bu, məlumatların yalnız ölkə daxilində deyil, beynəlxalq auditoriyaya da çatdırılmasına imkan verir.”

Müzakirələr tarixçi alimlərin, QHT və media nümayəndələrinin çıxışları ilə davam edib.

Tədbirin sonunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən tarixçi və araşdırmaçı alimlərə fəxri fərmanlarla təltif edilib.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az