Dünya nəhəngi olan BP şirkəti özünü hər zaman məsuliyyətli, şəffaf və ekologiya dostu kimi təqdim etməyə çalışsa da, arxiv sənədləri və rəsmi rəqəmlər bəzən bu imicin arxasındakı fərqi üzə çıxarır. 2015-ci ilin martında Xəzər dənizində baş verən hadisə bunu deməyə əsas verir.
Həmin il martın 5-də "İstiqlal" qazma qurğusunda texnoloji reqlamentin pozulması nəticəsində "Ultradril" məhlulu 530 metr dərinlikdə dənizə sızmışdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi dərhal hərəkətə keçərək monitorinq aparmış və faktı təsdiqləmişdi. Nəticədə şirkətə qarşı 12300 manat məbləğində iddia qaldırılmışdı. Rəqəm bəlkə də BP kimi şirkət üçün simvolik görünə bilər, lakin burada söhbət məbləğdən deyil, yanaşmadan gedir.
Belə ki, 2018-ci ilin aprel ayında dərc olunan xəbərlərə görə BP-nin keçmiş mühəndisi Aslan Aslanov şirkət daxilində yerli kadrların sıxışdırılmasına və əmək hüquqlarının pozulmasına etiraz etdiyi üçün qərəzli şəkildə işdən çıxarıldığını bildirib. O, rəhbərlik tərəfindən təzyiq və təhqirlərə məruz qaldığını, nəticədə səhhətinə ciddi ziyan dəydiyini iddia edib. Mühəndis pozulmuş hüquqlarının bərpası və vurulmuş mənəvi zərərə görə şirkətdən ümumilikdə 10 milyon dollardan çox təzminat tələbi ilə məhkəməyə müraciət edib.
Şirkətin bu məsələlərdəki rəsmi mövqeyi kifayət qədər qətidir. Onlar özlərini Azərbaycan hökumətinin sifarişçisi və tabe qurumu kimi təqdim edirlər. Mətbuat xidmətindən verilən məlumata görə BP məsuliyyətli vergi ödəyicisidir və Ekologiya Nazirliyi ilə hər hansı ciddi məhkəmə çəkişməsi mövzu belə ola bilməz. Şirkət rəsmiləri dövlət qurumları ilə əlaqələrin yüksək səviyyədə qorunduğunu və bütün proseslərin reqlamentə uyğun idarə olunduğunu vurğulayırlar.
Şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı kütləvi ixtisar anlayışını qətiyyətlə rədd edir. Onların sözlərinə görə, işçi sayındakı hər hansı azalma "kütləvi ixtisar" deyil, biznesin təbii tələblərinə uyğun tənzimləmədir. Şirkət rəsmiləri bildirirlər ki, neft və qaz sənayesinin dəyişən dinamikası bəzi vəzifələrin aktuallığını itirməsinə, eyni zamanda yenilərinin yaranmasına səbəb olur.
Şirkətdən saytımıza verilən açılqamada qeyd edilir ki, bəzi əməkdaşların öz istəyi ilə işdən çıxması və ya köçüb getməsi illik statistikada azalma kimi görünsə də, bu, planlı ixtisar dalğası deyil. Şirkət həmçinin yerli kadrların sıxışdırılması iddialarını da əsassız sayır. Onlar kollektivin mütləq əksəriyyətinin azərbaycanlılardan ibarət olduğunu və yerli mütəxəssislərin hüquqlarının daxili korporativ etikaya uyğun qorunduğunu iddia edirlər.
Qeyd edək ki, BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ötən gün Azərbaycana gəlib. Şirkətin regiondakı biznes fəaliyyəti və gələcək perspektivləri ilə tanışlıq məqsədi daşıyan səfər çərçivəsində görüşlər keçirilib. Qordon Birrel Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə bir araya gələrək BP-nin ölkədəki enerji layihələrinin gedişatını və qlobal biznes prioritetlərini müzakirə edib. (Demokrat.az)