Səid Əli oğlu Rüstəmov 1907-ci il mayın 12-də İrəvanda anadan olub. Atası Mirəli şair Əhməd Cəmilin babası Mir Cəmil ağanın qardaşı, anası Leyli isə İrəvanın tanınmış Bağırovlar nəslindən olan Hacı Bağırın qızıdır. Azərbaycan elminə, mədəniyyətinə və ictimai həyatına xüsusi töhfələr verən irəvanlı Hacı Abbas, Hacı Qasım Bağır kimi ziyalıların davamçısı Səid Rüstəmov musiqi dünyasında öz dəst-xətti ilə seçilib. Azərbaycan sovet bəstəkarı, dirijoru və pedaqoqu, Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdindəki mahnı və rəqs ansamblının rəhbəri Səid Rüstəmov not üzrə Hacıbəyovdan, muğam sinfində isə tanınmış tarzən Mirzə Mansur Mansurovdan dərs alıb.
Səid Rüstəmovun 1935-ci ildə yaratdığı "Tar məktəbi" kitabı tarın tədrisində mühüm rol oynayıb. Həmçinin 1950-ci ildə çap olunmuş "Tar üçün melodik etüdlər", "Skripka əlifbası" adlı dərslikləri bu gün də musiqi məktəblərində əvəzsiz tədris vəsaitidir. Onun yaratdığı çoxsaylı mahnılar milli bəstəkarlıq yaradıcılığı tarixində bu janrda yaradılan klassik nümunələr hesab edilir. Səid Rüstəmov 1983-cü il iyun ayının 10-da Bakıda ürək tutmasından vəfat edib. Bəstəkar I Fəxri xiyabanda dəfn olunub.
Rəna Rüstəmova - Səid Rüstəmovun qızı:
“Atam Səid Rüstəmov irəvanlıdır. Onun əsl adı Səid
deyil. Onun əsl adı Mir Cabbar Səid Rüstəmzadə olub. Ağır seyid nəslindən idi.
İrəvanın mərkəzində — Göy Məscidin qarşısında yaşayırdılar. İrəvan deyəndə həmişə
kövrəlir, dalırdı.
Mən də başa düşmürdüm niyə. Amma zaman keçdikcə, xüsusən
yaşlaşdıqca başa düşdüm ki, o, 1907-ci ildə anadan olub və 1918-ci ildə ermənilər
soyqırım törədiblər. Şirin uşaqlıq illəri İrəvanda keçmişdi. Ona görə də İrəvanı
həmişə həsrət hissi ilə xatırlayırdı”.
Sərdar Fərəcov – Bəstəkar, Xalq artisti:
“Səid Rüstəmov, birincisi, böyük bir mədəniyyətdən
çıxmışdı. Qədim Azərbaycan şəhəri olan İrəvan torpağından, İrəvan şəhərindən,
İrəvan mədəniyyətindən bəhrələnmiş bir nəslin nəcabətli övladı idi. İkinci tərəfdən,
Səid Rüstəmov Üzeyir bəy kimi bir dahidən dərs almışdı. Yəni saf bulaqdan su
içmişdi. O, həm xalq musiqisini gözəl bilirdi, həm də tale onu böyük bir
insanla rastlaşdırmışdı və əlbəttə ki, belə görüşlər, belə ünsiyyətlər öz bəhrəsini
vermişdi”.
Şeiri, sözü, misranı musiqiyə çevirmək və
bu musiqinin ahəngində ruha, ürəyə, sirayət edə bilmək bacarığı hər kəsə nəsib
ola bilmir. Səid Rüstəmov bir iravanlı sənətkar idi. Səid Rüstəmov bir bəstəkar
idi. Səid Rüstəmov həm də rəssamlığı bacarırdı. Səid Rüstəmov pedaqoq idi və Səid
Rüstəmov ən başlıcası Azərbaycan musiqi sənətində tar ifaçılığının banisi kimi
tarixə düşən sənətkar idi.
Sərdar Fərəcov – Bəstəkar, Xalq artisti:
“Səid Rüstəmov haqqında “birincilərdən” sözünü istifadə
etmək olar. Çünki Üzeyir bəyin nəslindən, yəni birinci bəstəkarlar nəslindən
sonra gələn ikinci nəsil arasında birincilərdən biri də Səid Rüstəmov idi. Səid
Rüstəmov musiqiyə gələndə həvəskar kimi gəlmişdi.”
Nazim Kazımov- Əməkdar incəsənət xadimi,
professor, tələbəsi:
“Səid müəllim qapıda qulaq asırdı, onun səsi də Azərbaycan
radiosunda var. Səid müəllim öz səsi ilə deyir ki, mən qapıda durub qulaq
asırdım. Bir nəfər yaxınlaşdı və dedi: ‘Sən musiqini belə sevirsən?’ Dedim: ‘Bəli.’
O dedi: ‘Onda gözlə, içəri girərsən.’ Mən bilmədim ki, o, Üzeyir bəydir. İçəri
girdim. Üzeyir bəy məni əvvəl yoxladı, musiqi yaddaşımı yoxladı, sonra eşitmə
qabiliyyətimi, ritm hissimi yoxladı və dedi: ‘Nədə çalmaq istəyirsən?’ Dedim:
‘Pianinoda.’ Dedi: ‘Yox, sən tarda çal.’”
Bəzən insan öz taleyini deyil, tale
insanın müqəddəratını həll edir. Tanrının alın yazısı hökmünə tabe olan insan,
elə Tanrıdan sonra yaradıcılıq missiyası daşıyır. Böyük sənətkar, tar məktəbinin
banisi və ustaddan dərs alan ustad Səid Rüstəmovun taleyinə Azərbaycan musiqi mədəniyyətinin
rəngarəng çalarlarına şövq vermək yazılmışdı.
Sərdar Fərəcov – Bəstəkar, Xalq artisti:
“Onun öz xatirələrində var ki, o, pedaqoji texnikumda
oxuyurdu. Pedaqoji texnikum isə musiqi texnikumu ilə eyni binada idi və musiqi
onu çox cəlb edirdi. Həmişə keçib musiqiçilər ifa edəndə onları dinləyirdi.
Bunu bir dəfə Üzeyir bəy görür və hiss edir ki, onun musiqiyə çox böyük həvəsi
var. Onu dəvət edir ki, paralel olaraq bizdə də oxusun. Və doğrudan da musiqi
texnikumunda oxuyur, Üzeyir bəyin birinci tələbələrindən biri olur və bütün həyatını
musiqi ilə bağlayır.”
Nazim Kazımov- Əməkdar incəsənət xadimi,
professor, tələbəsi:
“Səid müəllim əvvəl rəssamlıq texnikumunu bitirib,
sonra Üzeyir bəyin yanına gəlib. Üzeyir bəy onu yoxlayıb, o pianoda çalmaq istədiyini
deyib, Üzeyir bəy isə deyib ki, sən tar çalsan daha yaxşı olar.”
Səid Rüstəmov Üzeyr Hacıbəyovun ilk tar ifaçısı
olub. Bu təkcə istedad deyil, bu həm də şəxsiyyət keyfiyyətlərinin göstəricisi
idi. Bunu çox dəyərləndirən dahi Üzeyir bəy bir ömürboyu orkestrin bütünlükdə
idarəsini Səid Rüstəmova həvalə edir.
Sərdar Fərəcov – Bəstəkar, Xalq artisti:
“Əvvəla onun peşəkarlığına etibar edirdi, sonra
dürüstlüyünə, insan kimi yetişməsinə. Üçüncüsü, artıq bir bəstəkar kimi o, öz əsərlərini
ortaya qoyurdu və bu əsərlərdə millilik, dünyəvilik, gözəllik — bütün bunların
hamısı Səid Rüstəmovun əsərlərində var idi və Üzeyir bəy də bunları gördüyü
üçün qiymətləndirirdi”.
Nazim Kazımov- Əməkdar incəsənət xadimi,
professor, tələbəsi:
“Səid müəllimin əsas fərqləndirici cəhəti onun
melodiyalarıdır. Çünki onun yazdığı mahnılarda həm vətənpərvərlik, həm vətənə
aid mövzular yer alır və onun melodiyaları bütün xalqımız tərəfindən sevilir.”
Rəna Rüstəmova - Səid Rüstəmovun qızı:
“Mənim böyük qardaşım musiqi nəzəriyyəçisidir və
musiqi redaksiyasında işləyirdi. Onun əlindən çoxlu mahnılar keçirdi və bir dəfə
mənə dedi ki: “Rena, наш отец гений”.”
Bu böyük dahi sənətkar təkcə bəstələri ilə
kifayətlənmirdi. O, Azərbaycan musiqi sənətində bir məktəb yaradırdı, çünki
yaxşı anlayırdı ki, bütün bunlar savadlı bir məktəb səviyyəsində təqdim
olunmalıdır. Beləliklə, tar məktəbi yaranır. Peşəkar ifaçılıq sənətində, xüsusən
tar ifasının akademik səviyyədə təqdimatı misilsiz bir töhfə idi. Səid Rüstəmovun
tələbələri onu pedaqoq kimi çox yüksək qiymətləndirirdilər. O, nəinki pedaqoq
idi, həm də tələbələrinə bir ata kimi davranırdı. Çünki Səid Rüstəmov özü də
bir müəllim tərbiyəsindən çıxmışdı və müəllim ənənəsini görmüşdü. Onun pedoqoji
fəaliyyəti Üzeyir Hacıbəyov ənənəsindən qaynaqlanırdı.
Nazim Kazımov- Əməkdar incəsənət xadimi,
professor, tələbəsi:
“Onun 35-ci ildə yazdığı “Tar məktəbi” dərsliyi bütün
tarçalanlar üçün, yəni tarçalanlar ordusu üçün əlifba dərsliyi olmuşdur. “Tar məktəbi”
kitabında görkəmli bəstəkar Hacı Xanməmmədovun şəklini veriblər ki, tarı düzgün
tutmayanda necə olur, düzgün tutanda isə Hacı Xanməmmədov kimi görünür. Adil Gəray,
Ağabacı Rzayev və digər bəstəkarlar onun sinfində dərs alıblar.”
Sərdar Fərəcov – Bəstəkar, Xalq artisti:
“Səid Rüstəmovun yaradığı “Tar məktəbi” dərsliyi
doğrudan da Azərbaycan musiqi incəsənətində böyük bir mərhələdir. Ümumiyyətlə,
Şərq aləmində bir alətə yazılmış ilk məktəbdir. İkincisi, o, bu dərsliyi elə
yüksək səviyyədə işləyib ki, deyə bilərik: Səid Rüstəmov tar çalan idi. Orada
Avropa musiqisindən gözəl nümunələr, barmaq texnikasının inkişafı elə gözəl işlənib,
Avropadan götürülüb, ancaq milli musiqimiz də öz yerini alıb. Tar üçün xüsusi
ştrixlər, heç bir alətdə olmayan ifadələr bu dərslikdə göstərilib. Yəni, bu dərsliklə
tarı tam mənimsəmək olur”.
Səid Rüstəmov bilirdi ki, milli musiqinin
inkişafı yalnız soy kökünə, tarixə arxalana bilər. Elə ona görə də o, kənd-kənd,
oba-oba gəzib xalq mahnılarını toplayır, onları köçürüb dərsliklərə
hazırlayırdı. Beləliklə, bu dərsliklər musiqi məktəblərinin misilsiz tədris
vasitəsinə çevrilir.
Sərdar Fərəcov – Bəstəkar, Xalq artisti:
“Onun fəaliyyəti çox böyük idi. Ona folklorçu da demək
olar, bəstəkar da, teatr xadimi də. Neçə operettası vardır onun. Milli
musiqinin inkişafına böyük təkan verən böyük mütəxəssis idi. Demək olar ki, Azərbaycanda
yetişən bütün tarzənlər Səid Rüstəmov məktəbindən çıxmışlar.”
Nazim Kazımov- Əməkdar incəsənət xadimi,
professor, tələbəsi:
“Xalq mahnılarını toplamaq üçün Azərbaycanın nəinki
rayonlarını, hətta kənd və el obalarını gəzirdi və o mahnıları toplayırdı,
sonra gəlib notaya keçirirdi. Onun bu işi xalq mahnılarımızın bu gün də
yaşamasında böyük rol oynayıb.”
Peşəkar Musiqi Məktəbi, peşəkar müəllim və peşəkar tələbə. Peşəkar tələbə olmaq hər kəsə nəsib olmur. Bunun üçün entuziazm, istedad, davamiyyət və həmçinin şəxsi keyfiyyətlər lazımdır. Üzeyir Hacıbəyovun ətrafında çox tələbələr vardı, amma hər kəs öz sözünü deyə biləcək gücə malik deyildi. Bu seçilmişlər içərisində Səid Rüstəmov öz sözünü deyə bildi, ilklərə imza ata bildi və bu gün də Azərbaycan musiqi sənətində bir imza olaraq qalır.
1938-ci ildə Stalin “Arşın mal alan”ı görmək istəyir. Moskvada Azərbaycan İncəsənəti Dekadasında çıxışı qərarlaşdırılır. “Arşın mal alan” yenidən orkestr üçün işlənməli idi, amma zaman qalmamışdı. Bu işi Səid Rüstəmov orkestr ilə birlikdə öz üzərinə götürür. Qısa zamanda “Arşın mal alan” operettası xalq çalğı alətləri orkestri üçün mükəmməl səviyyədə hazırlanır və Stalinin qarşısında təqdim olunur. Bu, o dövrlər üçün böyük bir qəhrəmanlıq idi.
Sərdar Fərəcov – Bəstəkar, Xalq artisti:
“‘Arşın mal alan’ simfonik orkestrinin ifasında əlbəttə
möhtəşəm səslənirdi. Lakin indi xalq çalğı alətləri orkestrində yeni bir həyat
qazandı.”
Səid Rüstəmov təpədən dırnağa sənətkar
idi. Onun yalnız gözəl rəssamlıq istedadı yox, həm də aktorluq bacarığı var
idi. Belə ki, o dövrlərdə qadın obrazlarını ifa etmək üçün qadınlara icazə
verilmədiyi üçün Səid Rüstəmov bir sıra qadın obrazlarını özü yaradırdı.
Rəna Rüstəmova - Səid Rüstəmovun qızı:
“Çünki o vaxt qadınlar aktyorluq etmirdilər,
qorxurdular və çox vaxt kişilər qadın rollarını ifa edirdilər. Atam da qadın
rolunda, xüsusən gənc qadın rolunda çıxış edirdi.”
Səid Rüstəmov öz qızı Tamilla Rüstəmovaya
bir sıra filmlərdə rol almağa böyük dəstək oldu. obrazları mahir ifa etdi.
Rəna Rüstəmova - Səid Rüstəmovun qızı:
“Moskvada Tamilla universiteti bitirdi. Gəldi Bakıya,
ataya dedi ki: ‘Hə, bax, sən mənə nə tapşırdın, hamısını hazır aldım, elədim.’
Həmin vaxt Həbib İsmayılov rejissor idi. O böyük “Dayaq” filmini çəkirdi və
atamız əlbəttə ki, hamı ilə tanış idi, hamı ona çox hörmət edirdi. Atam Həbib
İsmayılova zəng elədi və dedi ki, “Mənim qızım kinoda çəkilmək istəyir. Nə
deyirsən?” Həbib İsmayılov cavab verdi: “Tez gəlsin, biz ‘Maya’ rolunda aktrisa
axtarırıq.” Tamilla studiyaya gedən kimi hamı dedi: “‘Maya’ bacı gəldi!”
Həzin, lirik mahnıların mahir ifaçısı Şövkət
Ələkbərova əvvəllər müğənni kimi deyil, orkestrdə kamança ifaçısı kimi fəaliyyət
göstərirmiş. Bir gün təsadüf nəticəsində Səid Rüstəmov onun səsini kəşf edir və
ona xüsusi mahnılar bəstələyir. “Oxu tar”, “Oxu gözəl” və bu kimi mahnılar məhz
Şövkət Ələkbərova üçün yazılmışdır.
Səid Rüstəmovun həyat eşqi, xoş əhval-ruhiyyəsi,
gözəl yumor hissi və milli mətbəx sevgisi o zamanlar hər kəsə məlum idi. Ailə
dostu, ustadı və bəstəkar Üzeyir Hacıbəyov da bunu yaxşı bilirdi. Səid Rüstəmov
hər gün Üzeyir bəyin evinə gələr, həm birlikdə yemək yeyər, həm də yaradıcılıq
müzakirələri aparardılar.
Sərdar Fərəcov – Bəstəkar, Xalq artisti:
Üzeyir bəyin evində bir adət var idi: hər cümə günü
plov günü idi. Üzeyir bəy ailəsi ilə yaşayırdı, ailəsi böyük idi. Dostlar,
qohumlar gəlirdi, sonrakı illərdə tələbələr də qatılırdı. Bu plov günü, cümə
günü, həqiqətən, bir bayram kimi keçirilirdi.
Günlərin bir günü, növbəti plov günü, hamı süfrə
arxasında olanda Səid Rüstəmov da gəlir. Üzeyir bəy əlbəttə ki, onu dəvət edir.
Səid Rüstəmov bir az utanır və deyir: “Yox, Üzeyir bəy, mən artıq evdə nahar
etmişəm, siz rahat çörəyinizi yeyin.” Üzeyir bəy böyük yumorist idi və Səidi
çox sevirdi; zarafat etməyi də sevirdi. Deyir: “Səid, doğrudan yemisən? Nə
yemisən?”
Səid cavab verir: “Bükəxanım yaxşı dolma bişirmişdir.”
Üzeyir bəy həyat yoldaşına işarə edir: “Məleykə xanım, gətir.” Məleykə xanım
qalxır və böyük bir sinidə Səidin qarşısına plov qoyur. Sonra hər kəs öz yeməyinə
başlayır və arada söhbət gedir. Birdən Üzeyir bəy başını qaldırır və görür ki,
Səid Rüstəmovun boşqabında bir düyü də qalmayıb. Deyir: “Məleykə xanım, nə
yaxşı, Səid evdə yeyib gəlmişdi.”
Xəyyam Mirzəzadə xatirələri:
“Bir gün biz İrəvanda qastroldaydıq. Hər dəfə konsertdən
sonra otelə gedəndə keçdiyimiz bir küçədən onun necə köks ötürərək keçdiyini
görürdüm. Küçə dağınıq bir küçə idi. Nəhayət, qastrol səfərimiz bitdi və biz
avtobusa minəndə Səid qəfil sıçrayıb, sökülmüş bir həyətdən cib dəsmalının
arasına bir ovuç torpaq tökdü. Soruşanda, o çox təsirli şəkildə dedi: ‘Bu ev
bizim evimizdir.’”
Sərdar Fərəcov – Bəstəkar, Xalq artisti:
“Xəyyam Mirzəzadənin danışdığı əhvalat tək-tək yadıma
düşür və düşünürəm. Son illərdə düşünürəm ki, bizim artıq nikbin olmağa
haqqımız var. Artıq biz öz gələcəyimizə nikbinliklə baxır və inanırıq ki, nə
zamansa qədim İrəvan şəhəri, Azərbaycanlıların gözəl şəhəri, yenidən öz əhaliyinə
qovuşacaq. Səid Rüstəmovun ruhu da ata evində bərqərar olacaq”.
Bu səhnə bir sənətkar üçün ağır səhnədir:
ata yurdunun gözünün qarşısından sökülməsi. Bu, sənətkar üçün həm də ona görə
ağır idi ki, o, məhz belə səhnələrdə, lap körpəlikdən ağır həyat hekayəsinin
iştirakçısı və qəhrəmanı olmuşdu.
Rəna Rüstəmova - Səid Rüstəmovun qızı:
“Atam üç yaşında atasız qaldı. Atasını heç görmədi və
böyük qardaşının ailəsində böyüyürdü. Atamın böyük qardaşını ermənilər öldürüblər,
onun arvadı və uşaqları, atamla birlikdə, hamısı başını götürüb qaçmalı
olmuşdular.”
Nazim Kazımov- Əməkdar incəsənət xadimi,
professor, tələbəsi:
“O, İrəvandan danışırdı, oradakı həyatlarından. 20-ci əsrdə
İrəvanda 16 Azərbaycan məhəlləsi var idi; qalan 4 məhəllə erməni məhəlləsi idi.
16 Azərbaycan məhəlləsinin adını sayırdı, hər birinin kimlərin adını daşıdığını
xatırlayırdı. Ondan bir əsr əvvəl İrəvanda ermənilər yaşamırdı, yalnız azərbaycanlılar
var idi. Bunu hələ sovet dövründə Səid müəllim danışırdı.”
Sərdar Fərəcov – Bəstəkar, Xalq artisti:
“Xatirələrdən eşitmişəm ki, Səid Rüstəmov, necə deyərlər,
həvəsilənib İrəvandan köçməli olmamışdı. Onları orada incitmiş,
sıxışdırmışdılar. Ona görə də ailə məcbur qalıb köçmüşdü. Hətta onun böyük
qardaşı orada öldürülmüşdü.”
Rəna Rüstəmova - Səid Rüstəmovun qızı:
“Əmim danışırdı ki, qan su yerə axırdı. Atamın
bacısına qarşı ermənilər təcavüz etmişdi. Bu sirr idi, axıracan hamı gizlədirirdi.
Amma sonunda üzə çıxdı ki, ermənilər atamın bacısına, Xədicə bəyimə təcavüz
etmişdilər.”
Nazim Kazımov- Əməkdar incəsənət xadimi,
professor, tələbəsi:
“Əvvəl İrəvandan onlar Türkiyəyə keçirlər. Sonra
qayıdıb Gəncədə yaşayırlar. Gəncədə qardaşı ermənilər tərəfindən qətlə
yetirilir. Ondan sonra ailə Ağdaşa köçür. Sonra Bakıya gəlirlər, Rəssamlıq
texnikumuna daxil olurlar. Sonra indiki kollec, yəni Musiqi texnikumu, Üzeyir bəyin
rəhbərliyi altında fəaliyyətə başlayır.”
Rəna Rüstəmova - Səid Rüstəmovun qızı:
“Sovet vaxtı “İrəvan” sözü istifadə olunmurdu, hamı
“Yerevan” deyirdi, amma atam həmişə “İrəvan” deyirdi. Biz də başa düşmürdük, bu
nə qədim söz idi, nə anlamı vardı. Atam danışırdı ki, İrəvanda əhalinin 80%-i
azərbaycanlı idi. Amma 1918-ci ildə ermənilər rus bolşeviklərlə bir yerdə
qırğın törətdilər və atamın ailəsi baş götürüb qaçmalı oldu. Onlar Gəncəyə
sığındılar, amma ermənilər oraya da gəldilər”.
Bir musiqiçi olmaq, öz taleyinin yükünü
melodiyalarla dinləndirib, melodiyalarla yaşada bilmək, varlığını musiqidə ifadə
edə bilmək – bunların bir cümlədə ifadəsi nə qədər məsuliyyətli, şərəfli və çətin
idisə, Səid Rüstəmovun musiqisi də bir o qədər dəyərli idi. Hər bir sənətkarın
ruhunu əks etdirən xüsusi əsəri olur. Səid Rüstəmovda da əlbəttə ki, bu var
idi. Onun çoxsaylı musiqi bəstələrinin içərisində “Qurban adına” mahnısı da bu
qəbildən idi.
Rəna Rüstəmova - Səid Rüstəmovun qızı:
“Atamın şah əsəri “Qurban adınadı”.”
Nazim Kazımov- Əməkdar incəsənət xadimi,
professor, tələbəsi:
“Bəstəkar Arif Məlikov deyirdi ki, Səid Rüstəmovun
“Qurban adına” mahnısına qulaq asandan sonra mahnı yazmadım”
Sərdar Fərəcov – Bəstəkar, Xalq artisti:
“Hərdən düşünürük ki, Səid Rüstəmovun mahnılarında bu
qədər həzinlik, hətta demək olar, kədər və qüssə nədən özünü belə göstərir? Bəlkə
də onun bir zamanlar doğma vətəni İrəvandan ayrı düşməsi, özündən asılı
olmayaraq ailəsindən, el-obasından uzaq qalması istər-istəməz onun qəlbində belə
hissləri yaratmışdı ki, sonradan bu hisslər lirik və həzin mahnılarında bariz şəkildə
özünü göstərirdi.”
Nazim Kazımov- Əməkdar incəsənət xadimi,
professor, tələbəsi:
“Səid Rüstəmov bu dünyadan nakam köçsə də, onun
mahnıları bu gün də yaşayır. Nə qədər Azərbaycan xalqı var, onun mahnıları
yaşamağa davam edəcək. Çünki bu mahnılar bir-birindən gözəldir, xalqın ruhunda
yazılıb, ona görə də xalqımız onları sevir və sevəcək”.
“Qurban adına, bir sal yadına” – bu əsər,
bu mahnı Səid Rüstəmovun şah əsərlərindən sayılır. Hər kəs bu mahnını zümzümə
edir. Səid Rüstəmov da bəlkə, bu misraları oxuyanda yalnız və yalnız qurban
etdiyi, yadına salmaq istədiyi öz elini, obasını itirdiklərini xatırlayırdı.
Ona görə bu mahnı ürəklərə sirayət edirdi. Ona görə bu mahnı bu gün yaşayır və
hələ də yaşayacaq.
Biz ümid edirik ki, böyük sənətkar, həyatda
hər mahnısında ağrı və sızıltı hisslərini əks etdirən Səid Rüstəmovun ruhu çox
yaxın zamanda İrəvan göylərində pərvazlanacaq.
Fəxriyyə Lilpar İsayeva
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, telejurnalist