Mayın 14-ü “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə paytaxtda növbət tədbir reallaşıb.
Manset.az Avtosfer.az-a istinadən xəbər verir ki, “Müstəqil Nəqliyyatçılar” Məsləhət və İnformasiya İctimai Birliyininin “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi ilə birgə “Müasir şəhərsalmada piyada təhlükəsizliyi” mövzusunda təşkil etdiyi fləşmob həyata keçirilib. Fləşmob dövlət qurumlarının və cəmiyyətin diqqətini piyada təhlükəsizliyinin təməlini təşkil edən əsas elementlərə - maneəsiz və rahat səkilərə, təhlükəsiz piyada keçidlərinə, küçə və yolların işıqlandırılmasına cəlb etmək məqsədi daşıyıb.
Əsasən məktəblilərdən ibarət olan iştirakçılar insan yönümlü şəhərin ayrılmaz prinsipi olan piyada prioritetliyini vurğulayan şüarlar səsləndiriblər.
Küçələrdə kəsintisiz və rahat səkilərin olması, təhlükəsiz piyada keçidlərinin təşkili, küçələrin hər yerdə işıqlandırılması piyada təhlükəsizliyinin təməlini təşkil edir. Küçə-yol şəbəkəsində nizamlı və təhlükəsiz davranış belə yanaşmalarla təmin oluna bilər.
Yolda təhlükəsiz davranışın ictimai dəbə çevrilməsi piyadalardan və sürücülərdən, yəni bütövlükdə cəmiyyətdən qarşılıqlı hörmətə əsaslanan, məsuliyyətli və intizamlı davranış tələb edir. Lakin bu sahəyə, xüsusən də şəhərsalma və yol-nəqliyyat infrastrukturuna cavabdeh dövlət qurumları da belə nizamlı davranış üçün uyğun şəhər mühiti yaratmalıdırlar.
“Müstəqil Nəqliyyatçılar” Məsləhət və İnformasiya İctimai Birliyininin sədri Ərşad Hüseynovun fikrincə: “Müasir insanyönümlü şəhər ilk növbədə hər kəsi piyada hərəkət etmək üçün cəlb edən kəsintisiz və maneəsiz səki, təhlükəsiz piyada keçidi, işıqlı küçələr deməkdir. Bunlarsız nə rahat mobillik, nə də küçələrdə və yollarda təhlükəsiz hərəkət mümkündür”.

“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Elməddin Muradlı da hesab edir ki, “Yollarda təhlükəsiz davranışı ictimai dəbə çevirmək üçün insanların düşüncələrini dəyişən maarifləndirməyə ciddi ehtiyac var. Lakin xüsusən şəhərlərdə rahat və təhlükəsiz infrastruktur da olmalıdır ki, təbliğ edilənləri real həyatda icra etmək mümkün olsun”.