Azərbaycan təcrübə mübadiləsi və urbanizasiya sahəsində qlobal islahatların müzakirəsi üçün əlverişli platforma yaradıb.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Urbanizasiya və Mənzil Bazarı üzrə Milli Komitəsinin sədrinin birinci müavini Orifjon Fayziyev Bakıda WUF13 çərçivəsində bildirib.
O qeyd edib ki, WUF13-ün Azərbaycanda keçirilməsi Özbəkistana son 9 ildə ölkədə həyata keçirilən genişmiqyaslı islahatları təqdim etmək imkanı verir.
"İlk növbədə, WUF13-ün yüksək səviyyədə təşkilinə görə qardaş Azərbaycana təşəkkür etmək istərdim. Bu, Özbəkistan üçün son 9 ildə həyata keçirilən qlobal islahatları təqdim etmək üçün əla imkandır", - o qeyd edib.
Fayziyevin sözlərinə görə, Özbəkistanda urbanizasiya prosesi fəal şəkildə inkişaf edir və bu yaxınlarda urbanizasiya və mənzil tikintisi məsələləri üzrə yeni milli komitə yaradılıb.
"Bu komitənin üzərinə 2040-cı ilə qədər urbanizasiya səviyyəsinin 60 %-ə çatdırılmasını təmin etmək kimi çox böyük vəzifələr qoyulub", - o vurğulayıb.
Fayziyev əlavə edib ki, forum qarşıya qoyulan məqsədlərə çatmaq və şəhər siyasətinin gələcək inkişafı üçün Azərbaycanın və digər ölkələrin təcrübəsini öyrənmək imkanı verir.