"2025-ci ilin oktyabr ayından etibarən Azərbaycan Şəhərsalma Kampaniyası ölkənin müxtəlif bölgələrində 6 000-dən çox gəncə çatıb. Kampaniyanın əsas məqsədlərindən biri yalnız Bakı ilə məhdudlaşmamaq idi. Bu səbəbdən xüsusi diqqət regionlara və kənd ərazilərinə yönəldildi ki, əvvəllər bu müzakirələrdən kənarda qalan gənclərə "şəhərsalma" anlayışı izah edilsin. Məqsəd kiçik qəsəbə və kəndlərdə yaşayan gənclərə öz yaşayış məntəqələrinin gələcəyini təhlil və müzakirə edə bilmələri üçün həm anlayış, həm də platforma təqdim etmək idi".
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramında (UN-Habitat) təbliğat və layihələr üzrə baş məsləhətçi Məleykə Tağızadə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Uşaq və Gənclər Assambleyasında deyib.
O bildirib ki, layihə "heç kəsi geridə qoymamaq" və "hamı üçün şəhərlər" prinsipi əsasında qurulub, inklüziv icmaların formalaşdırılmasını və əlilliyi olan şəxslərin şəhər həyatında aktiv iştirakını təşviq etməyi hədəfləyib:
"Praktiki vorkşoplar və qısamüddətli təcrübə proqramlarının nəticəsi olaraq, hazırda dövlət və özəl sektor tərəfdaşları ilə birlikdə geniş "İnklüzivlik üzrə Fəaliyyət Qeydi" sənədi yekunlaşdırılır. Ən önəmlisi isə odur ki, layihədə iştirak edən 25 nəfərdən 7-si təcrübə keçdikləri qurumlardan artıq daimi iş təklifi alıb.
Bu aylar ərzində toplanmış məlumatları institusional şəkildə sistemləşdirmək məqsədilə hazırda Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində "Azərbaycan şəhərlərindən gənclərin səsləri" hesabatı hazırlanır. Bu sənəd 6 000 iştirakçının fikirlərini, yerli innovativ yanaşmalarını və struktur tövsiyələrini əks etdirən rəsmi və məlumat əsaslı yekun sənəd olacaq.
Bu sənəd kampaniyanın strateji nəticəsi kimi həm milli qərarvericilərə, həm də burada - WUF13 çərçivəsində iştirak edən qlobal liderlərə təqdim ediləcək və gələcək siyasətlərin formalaşdırılmasına töhfə verəcək", - deyə UN-Habitat rəsmisi vurğulayıb.