Səyahət planları hər zaman gözlənildiyi kimi davam etməyə
bilər. Hava şəraiti, texniki, əməliyyat və digər səbəblər uçuş vaxtının
dəyişməsinə, reysin gecikməsinə və ya ləğvinə səbəb ola bilər. Bu hallar
sərnişinlərin planlarına təsir etdiyi kimi, aviaşirkət üçün də arzuolunmazdır.
Belə vəziyyətlərdə əsas məqsəd sərnişinləri dəyişikliklər barədə mümkün qədər
operativ məlumatlandırmaq və səfərin davam etdirilməsi üçün zəruri dəstəyi
göstərməkdir.
Uçuşunuzda dəyişiklik baş verərsə, doğru məlumat
mənbələrini, hansı xidmətlərdən yararlana biləcəyinizi və müxtəlif hallarda diqqət
yetirilməli vacib məqamları bir araya topladıq.
Hava
limanına vaxtında gəlin
Uçuşunuzun gecikdiyini əvvəlcədən öyrənmisinizsə, bu,
qeydiyyat vaxtının da avtomatik olaraq dəyişdiyi demək deyil. Aviaşirkət
tərəfindən fərqli məlumat verilmədiyi halda, ilkin uçuş vaxtını nəzərə alaraq
hava limanına gəlmək və qeydiyyat prosedurlarını vaxtında tamamlamaq vacibdir.
Azərbaycan Hava Yolları sərnişinlərə hava limanına uçuşdan ən
azı 3 saat əvvəl gəlməyi tövsiyə edir. Bu, qeydiyyat, baqajın təhvili,
təhlükəsizlik və digər uçuşöncəsi prosedurların rahat şəkildə tamamlanması üçün
kifayət qədər vaxt ayırmağa, eyni zamanda uçuşla bağlı son məlumatları vaxtında
əldə etməyə imkan verir.
Uçuş məlumatlarını
mütəmadi izləyin
Uçuşunuzun aktual statusunu azal.az internet səhifəsi
və AZAL mobil tətbiqindən, elektron poçt
ünvanınızdan, hava limanındakı məlumat ekranlarından və səsləndirilən
elanlardan izləyə bilərsiniz. Əlavə məlumat üçün Azərbaycan Hava Yollarının
hava limanındakı nümayəndələrinə və məlumat masalarına müraciət etmək
mümkündür.
Xüsusilə hava limanına yola düşməzdən əvvəl və gözləmə
müddətində uçuş statusunu yenidən yoxlamaq son dəyişikliklərdən vaxtında
xəbərdar olmağa kömək edir.
Dəyişiklik
barədə sizə necə məlumat verilir?
Uçuş vaxtında dəyişiklik baş verdikdə sərnişinlə əlaqə
yaratmaq üçün bron zamanı qeyd olunan məlumatlardan istifadə edilir. Dəyişikliklərlə
bağlı bildirişlər mobil nömrənizə SMS və WhatsApp, həmçinin elektron poçt
ünvanınıza e-mail vasitəsilə göndərilə bilər.
Bu səbəbdən bilet alarkən mobil nömrənizin və elektron poçt
ünvanınızın düzgün qeyd olunmasına diqqət yetirin. Bilet agentlik vasitəsilə
alınıbsa, bronunuzda məhz sizin əlaqə məlumatlarınızın göstərildiyini
dəqiqləşdirmək də faydalıdır. Uçuşla bağlı dəyişiklik yarandıqda bilet üzrə
mövcud imkanlar haqqında agentlikdən də məlumat əldə edə bilərsiniz.
Həmçinin uçuşunuzun statusu və ya baş vermiş dəyişikliklə
bağlı əlavə məlumata ehtiyacınız olduqda Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq
həmin anda mövcud olan məlumatları əldə edə bilərsiniz.
Reysiniz
gecikirsə, hansı xidmətlərdən yararlana bilərsiniz?
Gecikmənin müddətindən asılı olaraq sərnişinlər üçün
müxtəlif xidmətlər ödənişsiz təşkil olunur:
·
7 yaşınadək uşağı olan sərnişinlər
Ana və uşaq otağından istifadə edə bilərlər.
·
2 saatdan çox gecikmə
Sərinləşdirici içkilər təqdim olunur, həmçinin 2 telefon zəngi etmək və ya 2
elektron məktub göndərmək imkanı yaradılır.
·
5 saatdan çox gecikmə
İsti yemək təqdim olunur. Gecikmə davam etdikdə isti yemək gündüz hər 6
saatdan, gecə isə hər 8 saatdan bir verilir.
·
8 saatdan çox gecikmə
Mehmanxanada yerləşdirmə, hava limanından mehmanxanaya və geriyə transfer,
həmçinin baqajın saxlanılması təşkil olunur.
Reysin gecikdiyi inzibati ərazidə daimi yaşayan sərnişinlər
mehmanxana ilə təmin olunmurlar. Təqdim olunan xidmətlər gecikmənin səbəbindən
və tətbiq olunan daşıma qaydalarından asılı olaraq dəyişə bilər.
Qeyd: Gecikmə zamanı təqdim olunan yuxarıdakı xidmət və
təminatlar beynəlxalq uçuşlar üçün nəzərdə tutulur.
Reysiniz
ləğv edilib və ya uçuş vaxtı dəyişib?
Belə bir dəyişiklik səyahət planınızın sona çatdığı demək
deyil. Vəziyyətdən və tətbiq olunan şərtlərdən asılı olaraq alternativ uçuş,
biletin dəyişdirilməsi və ya geri qaytarılması kimi seçimlər mövcud ola bilər.
Hava limanındasınızsa, Azərbaycan Hava Yollarının nümayəndələri mövcud imkanlar
və səfərinizi necə davam etdirə biləcəyiniz barədə ətraflı məlumat verə
bilərlər.
Hava limanındasınızsa, alternativ uçuşlar və mövcud
seçimlər barədə məlumatı Azərbaycan Hava Yollarının nümayəndələrindən əldə edə
bilərsiniz. Hava limanında deyilsinizsə, mövcud seçimləri dəqiqləşdirmək üçün
Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Bilet akkreditə olunmuş agentlik vasitəsilə alınıbsa,
dəyişiklik və geri qaytarılma kimi bilet əməliyyatlarının həmin agentlik
vasitəsilə həyata keçirilməsi tələb oluna bilər. Bu halda biletinizi aldığınız
agentliklə əlaqə saxlayaraq mövcud seçimləri dəqiqləşdirə bilərsiniz.
Gecikmə növbəti
uçuşunuza təsir edirsə
Bir neçə reysdən ibarət səfərlərdə ilk uçuşdakı gecikmə
növbəti reysə keçid vaxtını azalda və ya bağlantının baş tutmamasına səbəb ola
bilər. Belə vəziyyətdə transfer masası və ya Azərbaycan Hava Yollarının hava
limanındakı nümayəndələri növbəti uçuşunuz və səfərin davam etdirilməsi üçün mövcud
imkanlar barədə məlumat verə bilərlər.
Gecikmə aviaşirkətdən qaynaqlanırsa və növbəti uçuş üçün
təsdiqlənmiş bronunuz varsa, gözləmə müddətindən asılı olaraq müvafiq
xidmətlərdən yararlana bilərsiniz.
Uçuş planında dəyişiklik yarandıqda ən vacib məqam aktual
məlumatı rəsmi mənbələrdən izləməkdir. Əlaqə məlumatlarınızı bron zamanı düzgün
qeyd etmək, uçuş statusunu mütəmadi yoxlamaq və ehtiyac yarandıqda aviaşirkətin
nümayəndələrinə müraciət etmək dəyişikliklərə daha hazırlıqlı olmağa və
səfərinizi mümkün qədər rahat davam etdirməyə kömək edəcək.
Əlavə sualınız var?
Uçuşunuzla bağlı əlavə məlumat və dəstəyə ehtiyacınız olarsa, Azərbaycan
Hava Yolları ilə aşağıdakı elektron poçt ünvanları vasitəsilə əlaqə saxlaya bilərsiniz:
Müraciətinizin daha operativ cavablandırılması üçün məktubda ad,
soyad, uçuş nömrəsi, uçuş tarixi və bron məlumatlarınızı qeyd etməyiniz tövsiyə
olunur.