logo
logo logo
logo

Ombudsman Səbinə Əliyeva: “Mən də bütün azərbaycanlılar kimi millimizin azarkeşiyəm” - MUSAHİBƏ 

13:55 - 12 Sentyabr 2026

Ombudsman Səbinə Əliyeva: “Mən də bütün azərbaycanlılar kimi millimizin azarkeşiyəm” - MUSAHİBƏ 

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Sportinfo.az-a müsahibə verib.

- İdman cəmiyyətdə bərabərlik, qarşılıqlı hörmət və ayrı-seçkiliyə yol verilməməsi kimi dəyərlərin təşviqi üçün mühüm vasitədir. Sizcə, idmanın bu imkanlarından insan hüquqları və hüquq mədəniyyətinin inkişafı baxımından necə daha səmərəli istifadə etmək olar?

- İdman cəmiyyətin həyatında mühüm yer tutur. O, yalnız peşəkar nəticələr və yarışlar deyil, həm də gənclərin fiziki və mənəvi inkişafı, insanların aktiv həyata cəlb olunması və sosial dəyərlərin formalaşması baxımından əhəmiyyətlidir. Azərbaycanda idmanın inkişafına dövlət səviyyəsində xüsusi diqqət göstərilir. Cənab Prezidentin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə həm peşəkar, həm də kütləvi idmana maraq artıb, mühüm uğurlar əldə olunub. İdmanın insan hüquqları baxımından da böyük imkanları var. Bərabərlik, qarşılıqlı hörmət, ayrı-seçkiliyə yol verilməməsi və insan ləyaqətinə hörmət kimi dəyərlərin cəmiyyətdə təşviqində idman mühüm vasitəyə çevrilə bilər. Ombudsman təsisatı olaraq biz də idmanla məşğul olan şəxslərin hüquqlarının qorunmasına, bərabər imkanların təmin edilməsinə, xüsusilə uşaqların və həssas qrupların idmana çıxışına diqqət yetiririk. Daxil olan müraciətləri araşdırır, vəziyyəti təhlil edir və aidiyyəti qurumlarla əməkdaşlıq edirik. Düşünürəm ki, idmanın bu imkanlarından daha geniş istifadə etməklə cəmiyyətdə insan hüquqlarına hörmət və hüquq mədəniyyətini daha da gücləndirmək mümkündür.

- Sağlamlığın qorunması hər bir insanın fundamental hüququdur. Bu baxımdan insanların, xüsusilə uşaqların və gənclərin idmana cəlb olunmasını sağlam həyat tərzinin və sağlamlıq hüququnun təşviqi baxımından necə qiymətləndirirsiniz?

- İdmanın insan sağlamlığı üçün faydası danılmazdır. Lakin burada əsas məsələ insanların idmana cəlb olunması ilə yanaşı, onların bu prosesdə sağlamlığının və təhlükəsizliyinin qorunmasıdır. Bu yaxınlarda Ombudsmanın müstəqil monitorinq fəaliyyəti çərçivəsində “İdmançıların tibbi təhlükəsizliyinin gücləndirilməsi haqqında analitik arayış” hazırladıq. Araşdırma zamanı xüsusilə idmançıların tibbi müayinədən keçirilməsi, məşq və yarışlar zamanı tibbi nəzarətin gücləndirilməsi, yüksək riskli idman növləri ilə məşğul olan şəxslərin, o cümlədən uşaqların sağlamlığının daha etibarlı qorunması ilə bağlı təkmilləşdirmələrə ehtiyac olduğu müəyyən edildi. Bu nəticələr əsasında aidiyyəti dövlət qurumuna müvafiq təklif və tövsiyələr təqdim etdik. Məqsədimiz problemlərə sonradan reaksiya vermək deyil, mümkün riskləri əvvəlcədən müəyyənləşdirmək və insan həyatı və sağlamlığının qorunması üçün daha etibarlı mexanizmlərin formalaşmasına töhfə verməkdir. Çünki idmanda nəticə və uğur vacib olsa da, insan həyatı və sağlamlığı hər şeydən öndədir.

- Uşaqların idmanda iştirakı onların yalnız fiziki deyil, həm də sosial və mənəvi inkişafına təsir göstərir. Uşaqların idman mühitində zorakılıqdan, təhqirdən, psixoloji təzyiqdən və ayrı-seçkilikdən qorunması üçün hansı yanaşmalar vacibdir?

- Tamamilə razıyam. Uşaqların idmanda iştirakı onların yalnız fiziki deyil, həm də sosial və mənəvi inkişafına ciddi təsir göstərir. Buna görə də idman mühitində uşaqların hüquqlarının qorunması xüsusi həssaslıq tələb edir. Zorakılıq, təhqir və psixoloji təzyiq kimi halların qarşısının alınmasında ilk növbədə düzgün maarifləndirmə və məsuliyyətli yanaşma vacibdir. Xüsusilə sosial şəbəkələrdən istifadə zamanı uşaqların şəxsi məlumatlarının, görüntülərinin və ləyaqətinin qorunmasına diqqət yetirilməlidir. Bəzən daha çox diqqət cəlb etmək və uğuru nümayiş etdirmək naminə bu həssas məqamlar nəzərdən qaçırılır. Uşaqlar idman və təbliğat naminə istifadə olunan vasitə deyil. Onlara təhlükəsiz, sağlam və hörmətə əsaslanan idman mühiti yaradılmalıdır. Bunun üçün məşqçilərin, valideynlərin, idman qurumlarının və bütövlükdə cəmiyyətin məsuliyyətli yanaşması vacibdir. İnformasiya texnologiyalarının imkanlarından həm uşaqların hüquq və təhlükəsizliyinin qorunması, həm də onların sağlam həyat tərzinə, idmana və bədən tərbiyəsinə yönləndirilməsi üçün düzgün istifadə etməliyik.

Ombudsman Səbinə Əliyeva:

- Əlilliyi olan şəxslərin idmanda iştirakına imkanların genişləndirilməsi inklüziv cəmiyyətin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Bu sahədə bərabər imkanların təmin olunması və əlçatan idman mühitinin yaradılması üçün hansı məsələlərə xüsusi diqqət yetirilməlidir?

- Əlilliyi olan şəxslər üçün bərabər imkanların genişləndirilməsi inklüziv cəmiyyətin əsas göstəricilərindəndir. Bu baxımdan idman həm onların imkan və bacarıqlarını üzə çıxaran, həm də cəmiyyətdə bərabərlik və qarşılıqlı hörmət dəyərlərini gücləndirən mühüm vasitədir. Azərbaycan paralimpiya idmanında qazandığı uğurlarla bunun ən yaxşı nümunələrindən birini ortaya qoyur. Bu uğurlar göstərir ki, insanı məhdudiyyətləri ilə deyil, imkan və potensialı ilə qiymətləndirmək lazımdır. Ombudsman təsisatı olaraq əlilliyi olan şəxslərin hüquqlarının təmin olunması ilə bağlı monitorinqlər aparır, müraciətləri araşdırır, aidiyyəti qurumlara təklif və tövsiyələr təqdim edirik. Bu istiqamətdə fəaliyyətimizi davam etdirərək idmanda da imkanların genişləndirilməsinə və əlçatanlığın artırılmasına töhfə verməyə çalışacağıq. İnklüziv cəmiyyət hər bir insanın öz potensialını bərabər imkanlar şəraitində reallaşdıra bildiyi cəmiyyətdir.

- Ümumiyyətlə, idmana və xüsusilə futbola marağınız varmı? Futbolda hansı komandaya azarkeşlik edirsiniz?

- Açığı, futbola xüsusi marağım olmasa da, ümumilikdə idmana böyük marağım var. Xüsusilə badminton, üzgüçülük və fiqurlu konkisürmə kimi idman növlərini həm izləyir, həm də özüm məşğul oluram. Bu baxımdan, aktiv idman növləri mənə daha yaxındır. Ailəm, övladım, yaxınlarım və doğmalarım arasında isə futbola böyük maraq var və təbii ki, mən də oyunları izləyirəm. Azərbaycan futboluna gəldikdə isə, “Qarabağ”, “Sabah” və ölkəmizi beynəlxalq arenada təmsil edən bütün komandalarımıza dəstəyim var. Hesab edirəm ki, Azərbaycan adını və bayrağını təmsil edən hər bir komandaya dəstək olmaq vətəndaşlıq borcumuzdur. Ən böyük arzum isə milli komandamızı mötəbər beynəlxalq yarışlarda daha böyük uğurlarla görməkdir. Mən də bütün azərbaycanlılar kimi milli komandamızın azarkeşiyəm.

- Hörmətli Səbinə xanım, bir müddət əvvəl qaradərili bir futbolçunun sizə müraciəti və sizin məsələyə operativ müdaxiləniz mediada diqqət çəkdi. Sonradan həmin futbolçunun sizə təşəkkür etdiyini də gördük. Ümumiyyətlə, belə hallarla tez-tez qarşılaşırsınızmı?

- Açığı, fəaliyyətim dövründə sırf futbol sahəsində belə bir müraciətlə yalnız bir dəfə qarşılaşmışam. Məsələ araşdırıldı, qanunvericiliyə uyğun tədbirlər görüldü və lazımi köməklik göstərildi. Sonradan bunun bir yanlış anlaşılma olduğu aydınlaşdı. Azərbaycan tolerant və humanist dəyərləri ilə seçilən ölkədir. Hesab edirəm ki, bu hadisə də bilərəkdən deyil, düşünülmədən işlədilən bir ifadədən yaranmış anlaşılmazlıq idi. Amma belə hallarda sözlərə diqqətlə yanaşmaq vacibdir. Xüsusilə media, televiziya və radio kimi geniş auditoriyaya xitab edən platformalarda ifadələr seçilərkən onların ayrı-seçkilik yaradan məna daşımamasına həssas yanaşmaq lazımdır.

- İdmanın cəmiyyətə təsiri yalnız idman nəticələri ilə məhdudlaşmır. Sağlam həyat tərzi, bərabərlik, inklüzivlik, qarşılıqlı hörmət və insan hüquqları kimi dəyərlərin təşviqində idmanın rolunu necə görürsünüz və qarşıdakı dövrdə bu istiqamətdə hansı məsələlərə daha çox diqqət yetirilməlidir?

- İdmanın cəmiyyətə təsiri həqiqətən də yalnız qazanılan nəticələr və medallarla ölçülmür. Peşəkar idmanın uğurları gənclər üçün motivasiya mənbəyidirsə, bədən tərbiyəsi və kütləvi idman insanların gündəlik həyatında sağlam və aktiv həyat tərzinin formalaşmasına xidmət edir. Bu iki istiqamətin bir-birini tamamlaması cəmiyyət üçün böyük əhəmiyyət daşıyır. Eyni zamanda, idman mühitində insan hüquqlarına hörmət əsas prinsiplərdən biri olmalıdır. Hər kəs üçün bərabər imkanların yaradılması, ayrı-seçkiliyə yol verilməməsi, uşaqların və həssas qrupların qorunması, təhlükəsiz və əlçatan idman mühitinin formalaşdırılması bu yanaşmanın əsas istiqamətləridir. Bu işdə dövlət qurumları ilə yanaşı, valideynlərin, müəllimlərin, məşqçilərin, idman ictimaiyyətinin və medianın da mühüm rolu var. Xüsusilə gənclərə təqdim olunan nümunələr onların dünyagörüşünə və davranışlarına təsir edir. Ona görə də idmanın yalnız uğur və rəqabət deyil, həm də intizam, həmrəylik, qarşılıqlı hörmət və məsuliyyət məkanı kimi təqdim olunması vacibdir. Gənclərimizə müraciətim odur ki, idmanı yalnız uğur qazanmaq vasitəsi kimi deyil, sağlamlığın, intizamın, həmrəyliyin və qarşılıqlı hörmətin bir hissəsi kimi qəbul etsinlər. Cəmiyyət olaraq isə hər bir insanın hüquq və ləyaqətinin qorunduğu, bərabər imkanların təmin olunduğu idman mühitinin inkişafına birlikdə dəstək verək. Bu mövzuya diqqət ayırdığı üçün Sportinfo.az saytına təşəkkür edirəm. İnanıram ki, idmanın gücündən düzgün istifadə etməklə daha sağlam, daha inklüziv və insan hüquqlarına daha həssas cəmiyyətin formalaşmasına mühüm töhfə verə bilərik.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az