Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bir sıra ağır cinayətlərdə ittiham olunduğu cinayət işi üzrə istintaq başa çatıb.
Manset.az Gununsesi.info-ya istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məlumata görə, iş üzrə ittiham aktında Ramiz Mehdiyevin sabiq köməkçisi Eldar Əmirov da təqsirləndirilən şəxs qismində yer alıb.
Onun cinayət işinə də Ramiz Mehdiyevin işi ilə birlikdə baxılacaq.
Məlumatda o da qeyd olunur ki, Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni İlham Əliyevin adları cinayət işində şahid qismində yer alıb. Onların da məhkəmədə ifadəsi dinləniləcək.
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Qeyd edək ki, əldə olunan daha bir məlumatda AXCP sədri Əli Kərlimlinin cinayət işinin Ramiz Mehdiyevin işindən ayrıldığı deyilir.
Hazırda Əli Kərimli ilə bağlı istintaq hərəkətləri davam etdirilir.
Xatırladaq ki, 2025-ci ilin 14 oktyabrında Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193–1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri üzrə cinayət işi açılıb və Bakı şəhəri Səbail rayon məhkəməsi onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. 2026-cı ilin 10 fevralında ev dustaqlığı qətimkan tədbiri daha 4 ay uzadılıb.
İyun ayında Səbail rayon məhkəməsi onun barəsindəki ev dustaqlığı qətimkan tədbirini daha 5 ay uzadıb.