İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanına yenidən hücum etdiklərini açıqlayıblar. Səudiyyə Ərəbistanının cənubundakı hərbi bazalardan birinin pilotsuz uçuş aparatları və raketlərlə hədəfə alındığı bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Yəməndə son həftələrdə intensivləşən qarşıdurmalar davam edərkən, husilər Səudiyyə Ərəbistanının cənubundakı hərbi bazalardan birinə hücum etdiklərini bəyan ediblər. Ər-Riyad rəhbərliyi isə hücum zamanı mülki yaşayış məntəqələrinin hədəfə alındığını açıqlayıb.
Husilərin Yəməndə irəliləyişi də davam edir. Qrup Qırmızı dənizin sahilində yerləşən strateji əhəmiyyətli Moha şəhərini Yəmən hökumət qüvvələrindən ələ keçirdiyini açıqlayıb.
Husilər həmçinin Babülməndəb boğazında gəmiçilik baxımından strateji əhəmiyyət daşıyan Perim adasına nəzarəti ələ keçirdiklərini bildiriblər. Ada Qırmızı dənizlə Ədən körfəzi arasındakı dəniz keçidinə nəzarət baxımından mühüm mövqedə yerləşir.
Yəmən hökuməti isə Mohada husilərə qarşı həyata keçirilən hava zərbələrinə dair görüntüləri yayıb.