Çində sidikdə qan şikayəti ilə xəstəxanaya müraciət edən 35 yaşlı əqli məhdudiyyətli şəxsin ürəyində uzunluğu 36 millimetr olan tikiş iynəsi aşkarlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, xəstənin xəstəxanaya müraciəti zamanı həyati göstəriciləri normal olub. Həkimlər çəkilən döş qəfəsi rentgenində ürək nahiyəsində şübhəli kölgə aşkar ediblər.
Aparılan əlavə müayinələr zamanı xəstənin sidik kisəsində, qarın divarında və çanaq nahiyəsində də metal yad cisimlər müəyyən edilib.
Ürəyin ətrafındakı maye ilə dolu kisəni deşən 36 millimetrlik iynənin ucunun sol mədəciyin boşluğuna qədər uzandığı müəyyən olunub.
Hunan Əyalət Xalq Xəstəxanasının həkimləri metal cismin yer dəyişməsi, toxumaların zədələnməsi və ya infeksiyaya səbəb olması riskini nəzərə alaraq iynənin cərrahi müdaxilə ilə çıxarılmasına qərar veriblər.
Sidik kisəsindəki iynələrin üzərində daşlaşmış örtüklər müşahidə olunub. Cərrahiyyə qrupu əvvəlcə ürəkdəki iynəni çıxarıb, sidik kisəsindəki iynələr isə daha sonra götürülüb.
İynələrin xəstənin bədəninə necə daxil olduğu dəqiq məlum deyil. Həkimlər bunun qəsdən özünə xəsarət yetirmə davranışı ola biləcəyini bildiriblər.
Xəstənin keçmişində də oxşar hadisə qeydə alınıb. İki il əvvəl onun qarın nahiyəsindən iynəyə bənzər iki cisim çıxarılıb.