Sudan imtina orqanizmdə sürətli susuzlaşma prosesini başladır və bu vəziyyət artıq üçüncü gün həyati təhlükə yaradır.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, su insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan əsas elementlərdən biridir. Bədəndəki hər hüceyrə, hər orqan və bütün sistemlər normal işləmək üçün mayeyə ehtiyac duyur. Hətta qısa müddətli maye çatışmazlığı belə orqanizmdə müəyyən pozuntular yaradır, sudan tam imtina isə sonda ölümə qədər aparıb çıxara bilən zəncirvari prosesə səbəb olur.
Məlumata görə, ilk gün orqanizm vəziyyəti kompensasiya etmək üçün bütün müdafiə mexanizmlərini işə salır. İkinci gün vəziyyət daxili orqanlar üçün artıq təhlükəli mərhələyə keçir.
Üç gün su içməmək isə geri dönüşü çətin olan ağır fəsadların başlanğıc nöqtəsi sayılır.
Böyrəklər qan dövranının ciddi şəkildə zəifləməsi və duzların kritik həddə çatması səbəbindən fəaliyyətini dayandıra bilər. Bu da kəskin böyrək çatışmazlığına gətirib çıxarır. Beyin kifayət qədər maye və qanla təmin olunmadıqda şüurun qarışması, hallüsinasiyalar, güclü sayıqlama, letargiya və hətta huşun itməsi baş verə bilər.
Qanın həcmi kritik səviyyədə azaldıqda hipovolemik şok yaranır. Bu zaman arterial təzyiq çox aşağı düşür və ürək, eləcə də digər orqanlar normal şəkildə qidalanmır. Nəticədə çoxorqan çatışmazlığı başlayır. Ürək, qaraciyər və ağciyərlər zədələnə bilər. Təcili tibbi yardım göstərilmədikdə, yəni damardaxili maye verilmədikdə, komaya düşmə və ölüm riski artır.
Susuzlaşmanın ilk əlamətləri hansılardır?
Susuzlaşmanın ilk siqnalları bir neçə saat sonra özünü göstərə bilər. Bu əlamətlərə ağız quruluğu, sidiyin azalması, halsızlıq və diqqətin zəifləməsi daxildir. Mütəxəssislər bildirirlər ki, bədən çəkisinin cəmi 2-3 faizi qədər susuzlaşma belə idrak funksiyalarına mənfi təsir göstərə bilər.
Bu səbəbdən gün ərzində kifayət qədər su qəbul etmək orqanizmin normal fəaliyyəti üçün vacib hesab olunur. Xüsusilə isti hava şəraitində, fiziki aktivlik zamanı və xəstəlik dövründə maye qəbulu daha da diqqətdə saxlanmalıdır.