AZCON Holding şirkətlərindən olan Azərbaycan
Hava Yolları donanmasına növbəti yeni nəsil “Airbus A321neo” təyyarəsini qəbul
edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd “Airbus
A320neo” və 2 ədəd “Airbus A321neo”) çatıb.
Bu barədə Manset.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Yeni “Airbus A321neo” təyyarəsi yüksək tələbat olan istiqamətlərdə daşıma imkanlarının genişləndirilməsinə və əməliyyat səmərəliliyinin artırılmasına töhfə verir. Bu tip yeni nəsil təyyarələrin donanmaya ardıcıl daxil edilməsi uçuş proqramının planlaşdırılmasında çevikliyi artırır və sərnişin axınının mövsümi dəyişməsinə uyğunlaşmağa kömək edir.
Yeni təyyarə müasir “Airspace” salon konsepsiyası, bortdaxili əyləncə
sistemi və yüksək sürətli “Wi-Fi” xidməti ilə təchiz olunub. Yenilənmiş
interyer, geniş əl yükü bölmələri və tənzimlənən işıqlandırma sərnişinlərin
rahatlığına xidmət edir. “Airbus A321neo” əvvəlki nəsil modellərlə müqayisədə hər
oturacaq üzrə təxminən 20 faiz daha az yanacaq sərfiyyatı və karbon emissiyası
ilə seçilir.
Qeyd edək ki, Azərbaycan Hava Yolları ilk “Airbus A321neo” təyyarəsini 2026-cı ilin iyul ayında qəbul edib. İkinci “A321neo”nun gəlişi ilə cari ildə donanmaya əlavə olunan yeni təyyarələrin ümumi sayı beşə çatıb. İlin sonunadək bu tipli daha iki hava gəmisinin tədarükü nəzərdə tutulur.
Azərbaycanın milli aviadaşıyıcısı təyyarə tədarükünü uzunmüddətli inkişaf proqramı çərçivəsində ardıcıl şəkildə davam etdirir. Proqramın məqsədi donanmanı genişləndirməklə yanaşı, onun tərkibində müasir hava gəmilərinin payını yüksəltmək və gələcək sərnişin daşımaları üçün dayanıqlı əməliyyat bazası formalaşdırmaqdır.
Bu çərçivədə Azərbaycan Hava Yolları 2032-ci ilədək donanmasını 50 təyyarəyə
çatdırmağı hədəfləyir. Donanmanın yenilənməsi marşrut şəbəkəsinin genişləndirilməsi,
əməliyyat səmərəliliyinin yüksəldilməsi, sərnişinlərə təqdim olunan xidmətlərin
təkmilləşdirilməsi və pilotların peşəkar hazırlığının gücləndirilməsi ilə
paralel aparılır.