Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) süni intellekt xidmətlərinin adından istifadə etməklə istifadəçilərin hesab məlumatlarını ələ keçirməyə yönəlmiş yeni fişinq kampaniyası barədə xəbərdarlıq edir.
Manset.az xəbər verir ki, kampaniya
çərçivəsində ChatGPT, Gemini, Claude, Perplexity, Meta Muse və Manus kimi
tanınmış süni intellekt xidmətlərinin adından saxta reklam portalları
yaradılıb. Həmin portallar istifadəçilərə reklam kampaniyalarının idarə edilməsi,
reklam xərclərinin təhlili və biznes hesablarının xidmətlərə qoşulması kimi
imkanlar təklif edir.
Əslində
isə bu saytların əsas məqsədi istifadəçilərin giriş məlumatlarını və birdəfəlik
təsdiq kodlarını ələ keçirməkdir. Hücum zamanı istifadəçilərə həqiqi giriş pəncərələrinə
bənzəyən saxta interfeyslər təqdim olunur. Bu interfeyslər ayrıca brauzer pəncərəsi
deyil, veb-səhifənin daxilində yaradılmış vizual elementlərdir.
İstifadəçi
həmin pəncərəyə istifadəçi adını və parolunu daxil etdikdə məlumatlar
hücumçulara ötürülür. Daha sonra birdəfəlik təsdiq kodu tələb edilərək hesaba
giriş imkanının əldə olunmasına cəhd göstərilir. Beləliklə, çoxfaktorlu
autentifikasiyadan istifadə edilməsi belə, istifadəçinin aldadıldığı hallarda
hesabın ələ keçirilməsinin qarşısını tam almaya bilər.
Araşdırma
zamanı kampaniyanın reklam hesablarının idarəçiləri, media alıcıları və reklam
agentliklərinin əməkdaşları kimi konkret peşə qruplarını hədəf aldığı müəyyənləşib.
Bu hesabların ələ keçirilməsi maliyyə itkilərinə, icazəsiz reklamların
yayımlanmasına və hesabların qanuni sahibləri üçün idarəetmə imkanlarının məhdudlaşdırılmasına
səbəb ola bilər.
Tədqiqatçılar
eyni infrastrukturdan istifadə edən digər fişinq istiqamətlərini də müəyyənləşdiriblər.
Bunlara Google Ads adından vəsaitin geri qaytarılmasını vəd edən saxta saytlar,
eləcə də müxtəlif şirkətlərin adından yaradılmış saxta işə qəbul səhifələri
daxildir. Müşahidələr kampaniyanın yayılmasında ödənişli internet
reklamlarından da istifadə olunduğunu göstərir.
MKA
istifadəçiləri aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyə çağırır:
-
Süni intellekt xidmətlərini və digər rəqəmsal alətləri biznes hesablarına
yalnız rəsmi saytlar və etibarlı inteqrasiya kanalları vasitəsilə qoşun.
-
Giriş pəncərəsinin daxilində göstərilən ünvana deyil, brauzerin öz ünvan sətrinə
diqqət yetirin.
-
Şübhəli məktublardakı keçidlərə daxil olmayın və tanınmış şirkətlərin adından
göndərilən dəvətləri yoxlamadan qəbul etməyin.
-
Birdəfəlik təsdiq kodlarını yalnız özünüz başladığınız giriş əməliyyatı zamanı
daxil edin və heç kimlə paylaşmayın.
Bununla
yanaşı, MKA mütəxəssisləri bildirir ki, əgər giriş məlumatlarınızın fişinq səhifəsinə
daxil edildiyindən şübhələnirsinizsə, dərhal parolunuzu dəyişin, aktiv
sessiyaları dayandırın və hesabın administrator siyahısını yoxlayın. Həmçinin
hesabdakı icazələri, ödəniş məlumatlarını və son əməliyyatları nəzərdən
keçirin.