17 oktyabrda “AWS User Group Baku”nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” keçiriləcək.
Manset.az xəbər verir ki, tədbirdə
iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradaraq onları
virtual mühitdə yarışdıracaqlar. Bu format iştirakçılara süni intellekt və
bulud texnologiyalarından istifadəni praktiki şəkildə öyrənmək imkanı verəcək.
Ənənəvi texnoloji tədbirlərdən fərqli formatda
keçiriləcək turnirdə iştirakçılar beş süni intellekt agentindən ibarət futbol
komandaları yaradacaq. Onların hər birini süni intellekt agenti — oyundakı vəziyyəti
təhlil edib müstəqil qərar verən proqram idarə edəcək. İştirakçılar
komandalarının strategiyasını müəyyənləşdirəcək, hazırladıqları proqramları “Amazon
Web Services” (AWS) bulud platformasında yerləşdirəcəklər.
Oyun başlayanda virtual futbolçular insan müdaxiləsi
olmadan hərəkət edəcək. Süni intellekt agentləri meydandakı vəziyyəti analiz edərək
hərəkət, ötürmə, müdafiə, hücum və zərbə kimi qərarları avtonom şəkildə qəbul
edəcəklər. İştirakçılar isə agentlərin strategiyasını və davranışını
formalaşdıracaq, nəticələri izləyərək komandalarını təkmilləşdirəcəklər.
Tədbirdə fərdi və ya komanda şəklində iştirak etmək
mümkündür. Tədbirə qeydiyyat Meetup
platforması üzərindən həyata
keçirilir.
Azercell-in tədbirə dəstəyi ölkədə süni intellekt
üzrə bilik və bacarıqların inkişafına, bulud texnologiyalarının praktiki tətbiqinə
və yerli texnologiya icmasının gücləndirilməsinə yönəlmiş fəaliyyətinin
davamıdır. Turnir tələbələrə, mühəndislərə və texnologiyaya maraq göstərən şəxslərə
yeni bacarıqlar qazanmaq və təcrübə mübadiləsi aparmaq üçün effektiv platforma
rolunu oynayacaq.