2026-cı il oktyabrın
21-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Qaşqadərya
vilayətinə işgüzar səfəri çərçivəsində xarici investorlarla görüş keçirilib.
Görüşdə regionun sənaye və kənd təsərrüfatı potensialının genişləndirilməsi,
yeni investisiyaların cəlb edilməsi və müasir texnologiyaların tətbiqi məsələləri
müzakirə olunub.
Manset.az xəbər verir ki, Özbəkistan Prezidenti
Qaşqadərya vilayətinin sənaye üzrə inkişaf perspektivlərinə toxunaraq bildirib
ki, son beş ildə regiona 20 trilyon sum həcmində daxili investisiya yönəldilib.
Ümumi dəyəri 6 milyard ABŞ dollarından çox olan 161 investisiya layihəsi
hazırlanıb. Onlardan 69-u artıq istifadəyə verilib, digər 92 layihə üzrə isə
tikinti işlərinə başlanılıb.
Şavkat Mirziyoyev
xammalın daha dərindən emal edilməsinin, müasir texnologiyaların tətbiqinin və əlavə
dəyər yaradan istehsal sahələrinin inkişaf etdirilməsinin vacibliyini
vurğulayıb. O, 2027-ci ilin müasir sənaye və aqrotexnologiyalar əsasında Qaşqadərya
vilayətinin inkişaf ili olacağını bildirib.
Görüşdə Azərbaycan–Özbəkistan
strateji tərəfdaşlığının inkişafı və iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri
də diqqət mərkəzində olub. Çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri
Zakir İbrahimov şirkətin Özbəkistanda təsis edilmiş ilk xarici törəmə müəssisəsi
– “AzerGold Uzbekistan” Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti
və Qaşqadərya vilayətində yerləşən “Akba” qızıl yatağının işlənməsi layihəsinin
perspektivləri barədə məlumat verib.
Bildirilib ki, layihənin
ilkin mərhələsində hazırlıq və əlavə geoloji kəşfiyyat işlərinin aparılması
üçün 7,8 milyon ABŞ dollar məbləğində investisiyanın yatırılması nəzərdə
tutulur. Yatağın istismara hazırlanmasının növbəti mərhələləri üzrə investisiya
həcminin minimum 100 milyon ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır.
İlkin hesablamalara əsasən,
layihə çərçivəsində 200-dək yeni iş yerinin yaradılması potensialı mövcuddur.
Layihə üzrə yekun investisiya qərarının qəbul edilməsi 2028-ci ilə
planlaşdırılır. Qeyd olunub ki, investisiya həcmi, hasilat göstəriciləri və məşğulluq
imkanlarına dair ilkin qiymətləndirmələr əlavə geoloji kəşfiyyat işlərinin,
mineral resursların qiymətləndirilməsinin, texniki-iqtisadi təhlilin və layihələndirmə
prosesinin nəticələrinə uyğun olaraq dəqiqləşdiriləcək.
“Akba” layihəsi Azərbaycan
və Özbəkistan arasında mədənçıxarma sahəsində əməkdaşlığın genişləndirilməsi,
mineral xammal ehtiyatlarının səmərəli istifadəsi və qarşılıqlı investisiya
imkanlarının artırılması baxımından əhəmiyyət daşıyır. Layihənin həyata
keçirilməsi, eyni zamanda, “AzerGold” QSC-nin beynəlxalq fəaliyyətinin genişləndirilməsinə
və şirkətin peşəkar təcrübəsinin xarici bazarlarda tətbiqinə imkan yaradacaq.
Xatırladaq ki, bununla
yanaşı, “AzerGold” QSC, “Uzbekgeologorazvedka” SC və Azərbaycan-Özbəkistan
İnvestisiya Şirkəti arasında 17 iyul 2026-cı il tarixində Özbəkistanın
perspektivli mineral sahələrində birgə geoloji kəşfiyyat işlərinin aparılmasına
dair əməkdaşlıq sənədi imzalanıb. Hazırda Nəvai və Nurata şəhərləri arasındakı
sahələrdə tədqiqatların aparılması üçün birgə müəssisənin yaradılması istiqamətində
işlər davam etdirilir. Eyni zamanda, tərəflər Azərbaycan və Özbəkistanda yerləşən
digər perspektivli mineral yataqlarının birgə kəşfiyyatı və işlənməsi
imkanlarını da müzakirə edirlər.