Sədərək rayondur? Ya, əhli olan xarabət?

10:53 - 22 Fevral 2023

Sədərək rayondur? Ya, əhli olan xarabət?

Sədərək rayondur? Ya, əhli olan xarabət?
       

Cənab Prezident İ. Əliyevin Naxçıvandakı səlahiyyətli nümayəndəsi cənab Fuad Nəcəfliyə açıq məktub..

 

Allahın salamı və yardımı xalqına yardımçı olanlara olsun.
 Cənab Nəcəfli! Mən Bakıda yaşayıram və 3, 4 ildən bir, iki günlük Sədərəyə gedirəm. Sədərək ticarət mərkəzinə yox, xalqımızın da, gəlmiş- keçmiş bütün milli hökümətimlərimizin də heç birinin tanımadığı, unutduğu, doğulduğum Sədərək rayonuna... Nəyə görə milli hökümətlərin unutduğunu deməyim əsassız deyil, rüsxət versəniz, əsaslandıraram. Sovet höküməti zamanında Sədərəyin rəsmi statusu rayon yox, kənd olsa da,  elə kəndin girişindən həyat nişanəsi nur kimi adamın gözünü və qəlbini işıqlandırırdı.  Geniş asfalt yola işıq dirəkləri muncuq kimi düzülmüşdü. Bu kənddə böyük tikiş fabriki, bir neçə şərab zavodu, ucsuz- bucaqsız üzümçülük savxozu, ferma və unutduğum bir neçə başqa iş yerləri var idi. 1990- cı ilin avqustun 28 də Sədərəyi bəxtəvər edib rayon statusu verdilər... Bu 33 ildə ən qısa şəkildə nələrin baş verdiyini deyimmi? Susuzluqluqdan nəinki savxozlarda, çöllərdəki, bütün fərdi bağlardakı üzüm kolları və meyvə ağacları qurudu. Susuzluğa səbəb kimi deyim ki, bir az Allah üz döndərdi, iki az da hökümət dalını çevirdi. ( Halbu ki, Arazdan, Arpaçaydan, Şirarxından kəndə əkin və otlaq yerləri üçün su çəkmək olardı.)
Quraqlıq və işsizlikdən 16000 əhalisi olan Sədərəyin (2020 sayımı.) təqribən 10 mindən çoxu tərki- diyar oldu. Köçən, daha doğrusu, baş götürüb qaçan ailələrin yarısı məzlumların ümid şəhəri olan Bakıya üz tutdu, yarısı da digər naxçıvanlılar kimi Türkiyəyə. İstanbulda demək olar ki, hər gün naxçıvanlı toyu var. Və bu toyların düşünən başlara vay tutan tərəfi odur ki, orada doğulan naxçıvanlı oğlan, qürbət eldə məktəbə- filan getmədən böyüyüb evlənmək yaşına çatır, arada il yarımlıq vətənə hərbi borcunu yerinə yetirməyə gəlir. Gəlir gəlməsinə də, əgər sağ qayıtsa, ata- anasına zəng edib 4,5 min deportasiya cəriməsini tapıb göndərmələri üçün yalvarır, o pulu düzəldib göndərə bilsələr, qayıdıb özü ilə eyni tale yolunu keçmiş bir naxçıvanlı qızla ailə  qurur... Sizcə də bu bir millətin uçuruma sürüklənməsi, məhvi deyilmi? Ağır dərddir. Deyilmi?
Bir haşiyə çıxım; 44 günlük Vətən müharibəsində şəhid olan naxçıvanlılardan birinin türkiyədə yaşayan yaxınları şəhidin dəfninə gəlmişdilər. Hansısa tv-yə  müsahibə verən bu məzlum adamlar öz dərdlərini öz ana dillərində ifadə edə bilmirdilər. - "şehitlerimiz var, kayıblarımız var, vatan sağ olsun." - kimi osmanlı türkcəsindəki cümlələri, daha  doğrusu kəlmələri bir yerə toplamağa çalışırdılar. Məqsədim haşa, onlara lağ etmək, onları  savadsız olduqlarına görə alçatmaq deyil, məqsədim əlimdən heç nə gəlmədiyi üçün, özümün ən alçaq yerdə dayandığımı sizə göstərməkdir. Bəli, Fuad müəllim, biz alçaqdayıq, əlimiz- ünümüz yuxarılara, zirvələrə çatmır. Əli çatan da,  allahsızlıq edib özünə yal istəyir, rayon barədə yalan məlumat verir ki, hər yan çiçəklənir, bağ belə, bostan belə. Həqiqətdə isə Sədərək sözün hər mənasında unudulub, çoxlu qan itirən köməksiz yaralı kimi öz ölümünü seyr edir. Yaralı demişkən, 35 illik müharibə dövründə yüzlərlə yaralı, yüzdən çox şəhid verən Sədərəyin heç bir şəhid oğluna milli qəhraman adı verilmədi. Halbuki, mərhum Heydər Əliyev öz çıxışlarında dəfələrlə Sədərəyi  "qəhraman kənd" , "Qeyrət Qalası" adlandırmışdı. Sədərəyin təməli 1970 ci ildə Heydər Əliyevin təşəbbüsü ilə qoyulan yeganə qəsəbəsi Heydərabad bu gün də mərhum prezidentin adını daşıyır.
Qayıdaq başa. Qayıdaq başa ki, hər şey başdan başlayır, baş da da bitir. Yazının başında  da qeyd etdiyim kimi sovet vaxtı kənd olan Sədərəyin başında ( oxu;- girişində.) gözəl işıqlı yol var idi, savxoz, kolxoz, zavod, dolanışıq var idi. O savxozu, o kolxozu, o dolanışığı istəyib, "yox" eşidib "padzor" istəmirəm. Heç o işıqlı yolları da istəmirəm. Allah xatirinə, Allah xatirinə rayonun girişinə heç olmasa, bir dənə "üçyüzlük lambuçka" asın. O Naxçıvandan ki, 80 km yolu qaranlıqda gəlib,  qəfil Sədərəyə dönən yerdə, zülmət gecələrin bağrını yarmağa bir dənə üçyüzlük lampuçka asın ki,  nabaləd taksi şoferləri dərəyə yuvarlanmasın, bura daş qoyanı daşa tutmasın. Axı daş həmişə topuğa yox, arada başa da dəyir. Heç olmasa, işıq xətti ilə işıq dirəyini siz basdırın, lambuçkanı biz Bakıdan alıb göndərək. Şükr, Vasif Talıbovdan sonra Bakıdan Naxçıvana lambuçka aparmağa da  izn verillər...
Kənd içinin işıqlanmasına gəldikdə, təkcə son bir ayda azı 2, 3 uşağı axşamçağı qaranlıq yollarda hazırlıqdan gələrkən  itlər parçalayıb. Güc- bəla sağ qala biliblər. Bunları  söz gəlişi dedim, beş- on məktləblini it parçaladı deyə, kənd içi yollara pul xərcləməyə dəyməz. Onsuz da o bivəfalar orta məktəbi bitirən kimi təhsilin də, Sədərəyin də başını buraxıb, bir tikə çörəyi bəhanə edib qaçacaqlar qürbətə... Siz girişə, dediyim yerə bir lampa asın, başımızdan artıqdı.
Əlbəttə, Naxçıvandan Sədərəyə qədər 80 kilometrlik yolda umumiyyətlə işıq görmədim deye bilmərəm. Gördüm, özü də nə az, nə çox, üç yerdə və bolluca gur lampalarla. Kəngərlinin, Şərurun və Sədərəyin yaşayış yerlərindən uzaq Bayraq meydanlarında. O bayraq meydanlarını da sanki, müqəddəs bayrağımıza yox, şiddətli bir qərəzə xatir bu qədim ipək yolunun üzərində olan üçcə qədim və vacib obyetki söküb yerində tikdilər. ( Kəngərli bayraq meydanını qədim yeməkxananın, Şərurda Kosmos çay evinin, Sədərəkdə yanacaqdoldurma məntəqəsinin.) 3 qaş düzəltmək üçün, 3 göz çıxartdılar. Həm də, o gözləri ki, 80 km-lik yolda nə tayı vardı, nə də alternativi... Əlbəttə ki, biz bayrağa da, meydanına da "gözün üstə- qaşın var"- deyəcək qədər kor əqidəyə sahib deyilik. Sadəcə, öz şair dilimizlə deyirik ki;

Bayrağı uca etməz, uzun-uzun dirəklər,
Bayrağı uca edər, uca tutan biləklər.
Bayrağı uca etməz, "vətən", " bayraq" deyənlər,
Bayrağı uca edər, bayraq üçün ölənlər...

Allah bayrağımızı uca edən şəhidlərimizə rəhmət, əsgərlərimizə rəhm, dövlətimizi var etsin. Deyirik, yazırıq, yalvarırıq ki, bu bayrağı uca tutan bilək sahiblərinin qaranlıq yollarına 3 yüzlük bir lampa taxın...
Bunlar açığı Sədərəyin nə keçmiş, nə də indiki İcra başçılarının təkbaşına işıqlandıra, həll edə biləcəyi məsələlər deyil, cənab Fuad Nəcəfli.
 Bu gün 3 rəqəmini nədənsə çox vurğuladım. Elə sonda sizdən də üç dəfə xahiş edirəm ki, ya bu məsələləri cənab prezidentə çatdırın - yollarımızı və gələcəyimizi işıqlandırın, ya da Sədərəyin üzərindən rayon statusunu qaldırılmasını istəyin cənab Fuad Nəcəfli. 


Ümid və arzu edirəm ki, sizin xidmətiniz dövründə bütün problemlər öz həllini tapacaq.

 

Şair, AYB-nin üzvü, Sədərək rayon sakini Aydın Arslan


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az