“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Ulu Öndər Heydər Əliyevin şəxsən iştirak etdiyi əməliyyatların məxfi detalları barədə “KONFİDENSİAL: Xankəndi-1967” filmi hazırlanıb.
QSC-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsindən Manset.az-a verilən məlumata görə, 3 iyul 1967-ci ildə Xankəndidə 3 azərbaycanlının öldürülüb-yandırılması vəhşiliyinin 56-cı ili tamam olub. AzTV və DTX-nin birgə layihəsi olan “Konfidensial” sənədli silsiləsinin növbəti filmi məhz bu hadisələrə həsr olunur.
İşin istintaqını Azərbaycan SSR DTK-nın sədri Heydər Əliyev şəxsi nəzarətinə götürür. 15 gün Xankəndidə qalaraq, komissiyanın işinə rəhbərlik edir.
“KONFİDENSİAL: Xankəndi-1967” sənədli filmində indiyədək ictimailəşməyən, DTX Arxiv idarəsində “məxfi” qrifi altında saxlanan bir çox sənədə istinad olunacaq. 1960-70-ci illərdə ermənilərin milli zəmində azərbaycanlılara qarşı apardığı gizli fəaliyyəti audio-vizual sənədlərlə nümayiş etdiriləcək.
Layihənin rəhbəri Namiq Abdullayev, ssenari müəllifi və aparıcısı Rüfət Həmzəyev, quruluşçu rejissoru Elnur Məmmədov, montaj mütəxəssisi Arzum Nuruşzadə, operatorları isə Cavid Əliyev və Elburus Musayevdir.