Türkdilli ölkələrin vahid platformada birləşməsi bu ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq əlaqələrinə yeni impuls verir. Qloballaşma meyillərinin gücləndiyi müasir dövrdə milli identikliyin, tarixi köklərə bağlılığın qorunması olduqca mühüm çağırışa çevrilir. Eyni milli kökləri bölüşən türkdilli ölkələrin bir təşkilat daxilində fəaliyyəti həm də bu baxımdan əhəmiyyət kəsb edir.
Bu gün 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyada əhatə olunan və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malik Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr tərəfindən milli maraqlar nəzərə alınaraq qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirilir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıq getdikcə genişləndirilir.
Mühüm coğrafi məkanda yerləşən qardaş türk ölkələrinin iqtisadi imkanları çox genişdir, zəngin enerji resurslarına sahibdirlər. Eləcə də vacib nəqliyyat yollarına malikdirlər. Bu, onu göstərir ki, türk dövlətlərinin birliyi həm də dünya iqtisadiyyatı üçün xeyli önəmlidir. Odur ki, bu üstünlükləri dəyərləndirərək səyləri birləşdirmək, həmrəyliyi möhkəmləndirmək qardaş ölkələrin ancaq güclənməsinə səbəb olub. Türk Dövlətləri Təşkilatının xüsusən son illərdəki fəaliyyəti bunun üzv dövlətlər üçün ən səmərəli platforma olduğunu təsdiqləyir. Təcrübə göstərir ki, yaxın coğrafiyalarda baş verən gözlənilməz hadisələrin, yaşanan gərginliklərin fonunda ortaya çıxan böhranlardan yalnız birlikdə xilas olmaq mümkündür.
Azərbaycan TDT-yə üzv dövlətlər arasında münasibətlərin inkişafına xüsusi önəm verir, Türk dünyası birliyinin güclənməsini daim diqqətdə saxlayır. Ulu öndər Heydər Əliyev dövlətimizin xarici siyasi strategiyasını formalaşdırarkən türk dövlətləri ilə əlaqələri prioritet hesab edib və qardaş ölkələrin biri-birinə yaxınlaşmasına mühüm töhfələr verib ki, bu siyasət bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli lider Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı həm də digər türk dövlətlərinin bir araya gəlməsində, birliyinin yaranmasında və möhkəmlənməsində mühüm rol oynayıb. Demək olar ki, Ümummilli Liderin bu sözləri bütün Türk dünyasının dilinin əzbəridir. Azərbaycan Türk Dövlətləri Təşkilatını yaradan ölkələrdən biri kimi daim bu birliyinin güclənməsinə çalışıb. Artıq əminliklə deyə bilərik ki, təşkilat beynəlxalq siyasətin tamhüquqlu mühüm tərəfinə və regional güc mərkəzinə çevrilib, dünyada sülh və sabitliyə böyük dəstək verir.
Qeyd edək ki, təşkilatın məhz 2009-cu il oktyabr ayının 3-də Naxçıvan Sazişi ilə yaradılması da bunun bariz ifadəsidir. Təşkilatda təmsil olunan ölkələr arasında həm çoxtərəfli, həm də ikitərəfli formatlarda əməkdaşlıq əlaqələri qurulub. İndiyədək vaxtaşırı iqtisadi münasibətlər çərçivəsində bu birliyə üzv dövlətlərin müvafiq qurumlarının yüksək səviyyəli rəsmiləri arasında çoxsaylı görüşlər keçirilib, bir neçə biznes forum gerçəkləşdirilib. Bu görüşlər və biznes forumlarda quruma üzv dövlətlərin iqtisadi imkanları, əməkdaşlıq sahələri təqdim olunub. O cümlədən, investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlıq üzrə işçi qruplarının yaradılması haqqında qəbul edilən qərarlar müsbət nəticələrlə diqqət çəkib.
Cari ilin noyabr ayının 3-də Astanda keçirilmiş Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü təşkilatın yeni çağırışlar qarşısında prioritetlərinin, fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm hadisə idi.
Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü mövcud beynəlxalq proseslərin fonunda xüsusi əhəmiyyət daşıyırdı. Artıq bu siyasi blok və burada səslənən fikirlər dünyanın mühüm analitik mərkəzlərində təhlil olunur və gələcək proqnozların verilməsində nəzərə alınır. Bu baxımdan bütün toplantılarda olduğu kimi, Astana sammitində də Prezident cənab İlham Əliyevin çıxışı bütövlükdə böyük maraq kəsb etdi. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan liderinin Türk Dövlətləri Təşkilatındakı çıxışlarında verdiyi mesajlar və səsləndirdiyi bəyanatlar hər zaman ciddi mahiyyət daşımışdır. Bu dəfə də eyni situasiyanın şahidi olduq. Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi və inkişafının Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd edən dövlətimizin başçısı bildirdi ki, etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir.
Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də diplomatik liderliyinin daha bir təsdiqi oldu. Prezident cənab İlham Əliyevin Astana sammitindəki çıxışı faktiki olaraq dünyanın mövcud geopolitik durumu ilə bağlı bütün dairələrə verilən dərs oldu. Bütün beynəlxalq platformalarda liderliyi və qətiyyəti ilə qəbul edilən Azərbaycan Prezidenti bir daha son üç ildə rəsmi Bakının sülhpərvər və humanist mövqeyinin düzgün qiymətləndirilməməsi, əksinə, erməni separatizminin qızışdırılmasına ölkəmizin cavabını və ərazi bütövlüyünün tam təmin edilməsini bütün təfərrüatı ilə ifadə etdi ki, bu da anti-Azərbaycan qüvvələrin iç üzünü bir daha beynəlxalq aləmə göstərmiş oldu. Sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da bir daha Azərbaycanın mövqeyini qəti şəkildə müdafiə etməsi dünyaya verilən bir mesaj idi ki, artıq təşkilatın əhatə etdiyi coğrafiyada siyasi, iqtisadi və hərbi söz sahibi bu ölkələrin özüdür. Bir sözlə, Azərbaycan və Türkiyə liderləri regionun eləcə də, Asiya qitəsinin böyük bir kəsimində dünyanın bütün imperialist güclərinə qarşı haqq və ədalətin carçısı olduğunu bir daha sübut etmişdir.
Beləliklə, türk birliyinin qlobal gücə çevrilməsi artıq reallığa çevrilməkdədir. Bu fakt qloballaşan dünyada türk faktoru ilə hesablaşmağı beynəlxalq birlik üçün zərurətə çevirəcək. Zirvə Görüşünün şüarının “Türk Əsri” adlandırılması da buna dəlalət edir. Eyni zamanda, dünyada baş verən mürəkkəb proseslər fonunda təhlükəsizlik və hərbi əməkdaşlıq sahəsində də birgə addımların atılması aktualdır. Zirvə Görüşündə qəbul olunan Astana Bəyannaməsinin müddəaları, eləcə də digər qərarlar bu hədəflərin reallaşmasını zəruri edir
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşü üzv dövlətlər arasında sıx əməkdaşlıq əlaqələrini və inteqrasiyanı daha da gücləndirməyi hədəfləməklə, bu ölkələrə aid ən vacib məsələlərin müzakirəsi üçün mühüm platformadır.
Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon təşkilatının sədri