İrlandiyada yaşayan Tierney, bir neçə aydır boğazında şiddətli ağrılar və udqunma çətinliyi çəkib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, bununla bağlı həkimə müraciət etmək əvəzinə, süni intellektə suallarını yönəldib.
ChatGPT, simptomların ciddiliyini rədd edərək xərçəng ehtimalının "çox aşağı" olduğunu bildirib. Bu cavaba etibar edən Tierney, həkimə getməyi təxirə salıb.
Ağrıları dözülməz hala gəldikdən sonra xəstəxanaya gedən Tierney, burada yemək borusu xərçəngi diaqnozu ilə üzləşib. Həkimlər, xəstəliyin irəliləmiş mərhələdə olduğu üçün onun ömrünün yalnız beş il olduğunu açıqlayıblar. Mütəxəssislər bildiriblər ki, belə hallarda erkən diaqnoz qoyulmazsa, müalicə nəticələri məhdud olur.
Tierney, öz təcrübəsini izah edərək, süni intellektə olan etibarının ona baha başa gəldiyini bildirib: "ChatGPT-yə etibarım yəqin ki, mənə bir neçə aya başa gəldi. Bu texnologiya sizə eşitmək istədiyinizi deyir, amma həqiqəti deyil."
Hadisədən OpenAI, süni intellekt sistemlərindən tibbi diaqnoz və ya müalicə məqsədilə istifadə edilməməli olduğunu vurğulayıb. Şirkət, istifadəçiləri hər hansı sağlamlıq problemi ilə bağlı mütəxəssislə məsləhətləşməyə çağırıb, çünki süni intellekt həkimlərin yerini tutmaq üçün nəzərdə tutulmayıb.