Cənubi Koreyada məhkəmə ölkənin tanınmış iş adamlarından biri, SK Group holdinqinin İdarə Heyətinin sədri Çe Tae-vonun keçmiş həyat yoldaşı Ro So-yona təxminən 644 milyon dollar ödəməsinə qərar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ölkə ictimaiyyətində "əsrin boşanması" adlandırılan məhkəmə prosesində Çe Tae-von ilə Ro So-yon arasındakı əmlak bölgüsü ilə bağlı qərar açıqlanıb.
Məhkəmə 1988-ci ildə ailə quran və üç övladı olan cütlüyün boşanma işi üzrə Çe Tae-vonun keçmiş həyat yoldaşına təxminən 644 milyon dollar məbləğində ödəniş etməli olduğuna hökm verib.
Məhkəmə prosesi Çe Tae-vonun 2015-ci ildə qəzetdə yayımladığı elanla nikahdankənar münasibəti və həmin münasibətdən övladının olduğunu ictimaiyyətə açıqlaması ilə gündəmə gəlmişdi.
Boşanma məhkəmə prosesi Çe Tae-vonun nikahdankənar münasibətdə olduğu Kim Hi-yonla bağlı ayrıca hüquqi araşdırmanın başlanmasına da gətirib çıxarıb.
Ro So-yonun Kim Hi-yona qarşı mənəvi zərərin ödənilməsi tələbi ilə qaldırdığı iddia üzrə məhkəmə nikahdankənar münasibətin Ro So-yona emosional zərər vurduğuna qərar verib.
Məhkəmə Kim Hi-yonun Ro So-yona təxminən 1,5 milyon dollar məbləğində təzminat ödəməli olduğuna hökm edib.
Qeyd edək ki, Çe Tae-von nikah münasibətlərinin bərpaolunmaz şəkildə sona çatdığını bildirərək boşanmaq istədiyini açıqlamışdı. Ro So-yon isə ilkin mərhələdə boşanma tələbini qəbul etməmişdi.