İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşdən sonra Vaşinqton administrasiyası ilə İran məsələsində tam ortaq mövqedən çıxış etdiklərini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, o qeyd edib ki, İranın nüvə silahı əldə etməsinin diplomatik yollarla qarşısını almaq mümkün olmasa, “digər vasitələrə” əl atacaqlar.
Netanyahu Donald Trampla ötən gün keçirdiyi görüşü indiyədək baş tutan ən uğurlu görüşlərindən biri kimi qiymətləndirib.
O bildirib ki, ABŞ Prezidenti ilə İranın nüvə silahına sahib olmasının qarşısının alınması məsələsində tam fikir birliyi mövcuddur. Baş nazir vurğulayıb ki, bu məqsədə diplomatik yollar nəticə verməyəcəyi təqdirdə, başqa üsullarla nail olunacaq.
ABŞ-nin Fox News televiziya kanalına müsahibəsində Netanyahu Donald Trampla arasında hər hansı fikir ayrılığının olmadığını da iddia edib. O, İsrail və ABŞ arasında müttəfiqlik münasibətlərində parçalanma axtaranların gözləntilərinin doğrulmayacağını söyləyib.
Bununla belə, Netanyahunun tam fikir birliyi barədə açıqlamasına baxmayaraq, İsrailin müdafiə naziri İsrael Kats bir gün əvvəl İranın enerji infrastrukturuna zərbələr endirmək istədiklərini, lakin ABŞ-nin buna razılıq vermədiyini bildirmişdi.