Türkiyənin İstanbul şəhərində itkin düşən 21 yaşlı toy fotoqrafı Fərhat Açığın qətlə yetirilməsi ilə bağlı araşdırma başa çatıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, polis hadisə ilə əlaqədar 7 şübhəlini saxlayaraq məhkəməyə göndərib.
İstanbul Polis İdarəsinin İtkin Şəxslər Bürosunun apardığı araşdırma nəticəsində məlum olub ki, Fərhat Açığın qətlinin əsas şübhəlisi onun daha əvvəl toy mərasimində fotoşəkillərini çəkdiyi Okan Kılıçdır.
Məlumata görə, F.Açığın qardaşı Habib Açık iyulun 13-də onun itkin düşməsi ilə bağlı polisə müraciət edib. Araşdırmalar zamanı gənc fotoqrafın meyiti iyulun 26-da aşkarlanıb.
İstintaq çərçivəsində aralarında əsas şübhəli Okan Kılıçın da olduğu 7 nəfər saxlanılıb. Şübhəlilər polis bölməsində dindirildikdən sonra Böyükçəkməcə Ədliyyəsinə göndəriliblər.
İlkin məlumata görə, Okan Kılıç bir neçə ay əvvəl toy mərasimində fotoqraflıq edən Fərhat Açıkla tanış olub. Maddi vəziyyəti yaxşı olmayan Kılıçın sosial şəbəkələrdəki paylaşımlarına əsasən Açıkın varlı olduğunu düşündüyü və onu qaçırmaq planı hazırladığı iddia edilir.
Kılıçın ilk cəhdi uğursuz alındıqdan sonra o, əmisinin gəlinlik mağazasının açıq havada çəkilişi üçün yenidən Açıkla əlaqə saxlayıb.
İddiaya görə, Arnavutköydəki meşəlik ərazidə şəkil çəkdirmək bəhanəsi ilə Açıkı avtomobildən endirən Kılıç, Poyraz Kaya və Rıdvan Kılıçın köməyi ilə onun əllərini bağlayıb.
Şübhəlilərin Açıkın bank hesablarında pul tapa bilmədikləri, daha sonra isə onun avtomobilini satmaq planı qurduqları bildirilir. İddialara əsasən, gənc fotoqrafın telefonundan Okan Kılıça mesaj göndərilib və qardaşına sürücülük vəsiqəsi ilə şəxsiyyət vəsiqəsini ona verməsi bildirilib.
İstintaq materiallarına əsasən, planın həyata keçirilməsindən sonra Fərhat Açık öldürülüb. Hadisə ilə bağlı araşdırmalar davam edir.