ABŞ-nin Kaliforniya ştatında yerləşən Ölüm Vadisi Milli Parkında avtomobili palçığa batan 68 yaşlı fransalı turist Pierre Michel Formosa kömək axtarmaq üçün yola çıxdıqdan sonra 46,6 dərəcə temperaturda həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki parkın rəhbərliyi bölgədə hökm sürən həddindən artıq isti hava ilə bağlı xəbərdarlığını yeniləyərək ziyarətçiləri diqqətli olmağa çağırıb.
Hadisə ötən bazar ertəsi Ölüm Vadisi Milli Parkında baş verib. Fransalı turist Pierre Michel Formosa səyahət yoldaşı ilə birlikdə park ərazisindən keçərkən onların avtomobili palçığa batıb.
Avtomobildən çıxmağa məcbur olan iki nəfər kömək tapmaq üçün ərazidəki duz düzənlikləri ilə hərəkət etməyə başlayıb. Lakin havanın temperaturunun 46,6 dərəcəyə çatdığı bölgədə piyada hərəkət etmək qısa müddətdə həyati təhlükəyə çevrilib.
Formosa təxminən 2 kilometr yol getdikdən sonra həddindən artıq istilik səbəbindən daha irəli gedə bilməyib. Səyahət yoldaşı isə yaxınlıqdan keçən avtomobili dayandıraraq kömək istəyib.
Xilasedicilər və polis əməkdaşları həmin gün günortadan sonra ərazidə axtarışlara başlayıb. Axtarışlar nəticəsində 68 yaşlı Formosanın meyiti aşkarlanıb.