“Microsoft” şirkətinin həmtəsisçisi Bill Qeyts süni intellektin yaratdığı qlobal təhlükələr barədə xəbərdarlıq edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Bill Qeyts beynəlxalq nəzarət mexanizmlərinin yaradılmasına çağırıb.
Qeyts süni intellektin bioloji təhdidlərdən kibertəhlükəsizlik risklərinə, eləcə də kütləvi işsizliyə qədər bir sıra ciddi problemlərə səbəb ola biləcəyini bildirib.
Milyarder iş adamı təhlükəsiz süni intellekt gələcəyinin qurulmasını iqlim böhranı və qlobal sağlamlıq problemləri də daxil olmaqla digər mühüm məsələlərdən daha üstün prioritet hesab etdiyini vurğulayıb.
Qeyts noyabr ayında Çin Prezidenti Si Cinpinlə görüşməyi planlaşdırır. Onun Pekin rəhbərliyinə süni intellektdən irəli gələn risklərin məhdudlaşdırılması ilə bağlı beynəlxalq əməkdaşlıq təklif edəcəyi gözlənilir.
Bill Qeyts ABŞ-ın təşəbbüs göstərməsi halında Çinin də təhlükəli süni intellekt modellərinin yayılmasının məhdudlaşdırılması istiqamətində əməkdaşlığa razı ola biləcəyini bildirib.
O, xüsusilə süni intellektin bioloji silahların hazırlanmasında istifadə olunması və yeni molekulların yaradılması imkanlarının beynəlxalq mexanizmlər vasitəsilə nəzarətdə saxlanılmasının vacibliyini vurğulayıb. Qeytsə görə, süni intellektin yaratdığı təhlükələrə qarşı ölkələrin ayrı-ayrılıqda deyil, birgə fəaliyyət göstərməsi zəruridir.