ABŞ-nin Tennessi ştatında Krista Payk 1996-cı ildə törətdiyi qətlə görə ölüm cəzasına məhkum edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hökm icra olunarsa, Payk ştatda 200 ildən sonra edam edilən ilk qadın olacaq.
Təxminən 30 ildir həbsdə olan 50 yaşlı Krista Paykın vəkilləri edamın dayandırılması üçün 226 səhifəlik əfv müraciəti təqdim ediblər. Müraciətdə məhkəmə prosesi zamanı andlılar heyətindən gizlədildiyi bildirilən ağır beyin zədəsi, cinsi zorakılığa məruz qalma və bipolyar pozuntu kimi mühüm hallar önə çəkilib.
Vəkillər bildiriblər ki, cinayətdə Paykla birlikdə iştirak edən şəxsin hadisə zamanı 17 yaşı olduğu üçün şərti azadlığa çıxmaq imkanı yaranıb. Onların sözlərinə görə, hadisə zamanı 18 yaşında olan Paykın edam edilməsi cəzanın mütənasibliyi prinsipinə ziddir.
Tennessi Ali Məhkəməsi edamın dayandırılması ilə bağlı müraciəti rədd edib. Müdafiə tərəfi son hüquqi vasitə kimi məsələni ABŞ Ali Məhkəməsinə çıxarmağa hazırlaşır.