"SpaceX" ABŞ ərazisində istifadə oluna biləcək aşağı tezlikli spektr lisenziyaları portfelini almaq barədə razılığa gəldiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən xəbərinə görə, şirkətin açıqlamasında bildirilib ki, bu razılaşma "Starlink"in ABŞ-da iri mobil rabitə operatoruna çevrilməsinə yol açacaq.
Qeyd olunub ki, ABŞ Federal Rabitə Komissiyasının (FCC) razılığı alındıqdan sonra "SpaceX" mobil telefonlara peyk vasitəsilə bağlantı xidmətini cihazların istənilən yerdə şəbəkəyə qoşulmasını təmin edəcək təkmil yerüstü rabitə şəbəkəsi ilə birləşdirəcək.
"SpaceX"in baş icraçı direktoru (CEO) İlon Mask da ABŞ-ın X sosial şəbəkəsindəki paylaşımında bu sözləri yazıb: “Bu, SpaceX-in ABŞ ərazisində fasiləsiz telefon əhatəsini təmin edə bilməsi üçün lazım olan spektrin sonuncu mühüm hissəsidir”.
"SpaceX"in açıqlamasından sonra ABŞ-ın iri mobil rabitə operatorları AT&T, T-Mobile və Verizon şirkətlərinin səhmlərinin qiymətində birjadankənar ticarət zamanı azalma qeydə alınıb.