ABŞ-də aparılan araşdırma iqlim dəyişikliyi nəticəsində temperaturun yüksəlməsi və şiddətli quraqlıqların kaktus növlərinin məhv olma riskini artırdığını üzə çıxarıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Arizona və Cənubi Florida universitetlərinin tədqiqatçılarının rəhbərliyi ilə aparılan araşdırmada Amerika qitəsində yayılmış 993 kaktus növünün iqlim dəyişikliyindən necə təsirləndiyi öyrənilib.
Araşdırmanın nəticələrinə əsasən, iqlim dəyişikliyi səbəbindən artan temperatur və şiddətli quraqlıqlar kaktusların mövcudluğunu ciddi təhlükə altına alır.
Alimlər müəyyən ediblər ki, araşdırılan kaktus növlərinin dörddə birindən çoxu 2100-cü ilədək yaşaması üçün əlverişli ərazilərin ən azı 80 faizini itirə bilər. Xüsusilə Çili, Peru və Braziliyanın şimal-şərqində kaktus müxtəlifliyinin əhəmiyyətli dərəcədə azalacağı ehtimal olunur.
Tədqiqatçılar həmçinin bildiriblər ki, hazırda Amerika qitəsindəki kaktus növlərinin 30 faizindən çoxu yaşayış mühitinin məhv edilməsi və qanunsuz toplanma kimi səbəblərdən yox olmaq təhlükəsi ilə üz-üzədir.