Zərərçəkmişlər danışdılar - Məhkəmə

20:25 - 18 İyul 2025

Zərərçəkmişlər danışdılar - Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 18-də davam etdirilib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Zərərçəkmiş şəxs Orxan Nəcəfov ifadəsində 2023-cü il sentyabrın 19-da antiterror əməliyyatları zamanı Ağdam istiqamətində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən artilleriya atəşi nəticəsində xəsarətlər aldığını bildirib. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında hadisə zamanı yanında olan hərbçi yoldaşları İsa İsayevin, İsmayıl Xanalıyevin, Mikayıl Həmidlinin və Sakit Aslanovun yaralandıqlarını qeyd edib.

Zərərçəkmiş Bərzani Atayev diqqətə çatdırıb ki, 2023-cü il sentyabrın 19-da Ağdərə rayonunda tibb məntəqəsinin feldşeri olaraq yaralıları təxliyə edərkən düşmən tərəfindən atılmış mərminin partlaması nəticəsində xəsarət alıb. “Baxmayaraq ki, nəqliyyat vasitəsinin üzərində aypara şəkli var idi”, - deyə o əlavə edib.

Raqif Əliyev ifadəsində antiterror əməliyyatları zamanı sentyabrın 20-də Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin yaxınlığında olduğu avtomobili minaatanla vurması nəticəsində xəsarət aldığını, yaralananların və bir nəfərin şəhid olduğunu söyləyib.

O, təqsirləndirilən şəxs David Manukyanın sualına cavabında “qarşı tərəfin məqsədi azərbaycanlıları məhv etmək idi, başqa məqsədlərini bilmirəm” deyib.

Zərərçəkmiş şəxs Kərəm Məmmədov ifadəsində 1990-cı il martın 7-də Ermənistanda girov saxlanıldığını bildirib. O, Zəngilan rayonu ilə Qafan rayonu arasındakı rabitə xəttini bərpa etmək üçün “UAZ” markalı avtomobillə həmin əraziyə getdiyini qeyd edib. Onunla birlikdə işçiləri Bağırov Şakir Əvəz oğlu və Zəngilan rayon rabitə qovşağının sürücüsü Emin, həmçinin komendantın köməkçisi Emin adlı şəxs olub.

Kabel xətlərini yoxlaya-yoxlaya Qafan rayon rabitə qovşağına daxil olduqda qovşağın həyətinə toplaşmış ermənilər tərəfindən zərərçəkmiş şəxs özü və digər azərbaycanlılar təpik-yumruqla döyülərək girov götürülüblər. Bundan sonra oraya gəlmiş Ermənistanın Qafan rayon daxili işlər şöbəsinin əməkdaşları və hərbçilər onları şöbəyə aparıblar. Orada mülki geyimdə olan 4 erməni onlara işgəncə verib, yumruq-təpiklə döyərək müxtəlif növ bədən xəsarətləri yetirib. Nəticədə K.Məmmədovun sağ tərəfində qabırğaları sınıb, bədəninin bütün hissələri göyərib və baş-beyin travması alıb. Ş.Bağırovun beyninə isə qan sızıb.

Zəngilan rayonundan gəlmiş sovet hərbçiləri onları ermənilərdən təhvil alaraq “BTR”ə qoyub Zəngilan rayonuna gətirməklə girovluqdan azad ediblər. Zərərçəkmişlərə məxsus “UAZ” markalı avtomobil Ermənistanda onları girov götürmüş şəxslər tərəfindən mənimsənilib.

K.Məmmədov Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabında qeyd edib ki, Ermənistanda aldığı xəsarətlərə görə iki ay xəstəxanada müalicə olunub.

Ceyhun Əliyev ifadəsində 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatları zamanı Canyataq istiqamətində düşmən tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində xəsarət aldığını vurğulayıb.

O, dövlət ittihamçısı Fuad Musayevin sualına cavabında həmin vaxt Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin təxribatının qarşısını almağa çalışdıqlarını bildirib. “Çünki onlar müxtəlif təxribatlar törədir, bizim postları, azərbaycanlı mülki əhalini atəşə tuturdular”, - deyə C.Əliyev əlavə edib. Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsini təsdiqlədiyini də deyib.

Bu zaman təqsirləndirilən şəxs Levon Mnatsakanyan zərərçəkmiş şəxslərin istintaqa verdikləri ifadələrlə maraqlanıb. Hakim Zeynal Ağayev isə diqqətə çatdırıb ki, zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələr təqsirləndirilən şəxslərin əllərindəki planşetlərdə də var.

Emin Şahbazov ifadəsində söyləyib ki, 2023-cü il sentyabrın 19-da Ağdərə rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı tankəleyhinə mərminin onun yaxınlığında olan “BMP” texnikasına dəyməsi nəticəsində o və baş leytenant Eşqin Babazadə xəsarət alıblar. O, azərbaycanlı yaralıları daşıyan tibbi nəqliyyat vasitələrinin atəşə tutulduğunun şahidi olduğunu da bildirib. E.Şahbazov antiterror əməliyyatlarından əvvəl Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin komplektləşmə apardıqlarını deyib.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında isə vurğulayıb ki, həmin vaxt düşmənin komplektləşmə aparması adi gözlə də görünürdü.

Zərərçəkmiş Hilal Həsənov 2023-cü ildə antiterror əməliyyatları zamanı Ağdərə rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində güllə xəsarəti aldığını deyib. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında deyib ki, açılan atəşlər nəticəsində yanında olan xidmət yoldaşları Əli Tağıyev və Cavad Məhərrəmov şəhid olub, digər xidmət yoldaşları Ülvi Kərimov, Əlsab Kərimov, Nəsimi Mahmudov isə xəsarətlər alıblar.

Səfiyar Məhəmmədli, Şükür Zeynalov və Elvin Məmmədov ifadələrində antiterror əməliyyatları zamanı Ağdərə, Əliqismət Nuriyev isə Xocalı istiqamətində xəsarət aldıqlarını bildiriblər.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran Fərid Zeynalov qeyd edib ki, antiterror əməliyyatları zamanı Ağdam rayonunda yaralı hərbi qulluqçuları gətirmək üçün gedərkən tibbi nəqliyyat vasitəsi raketlə vurulub. Nəticədə o və briqadanın tibb məntəqəsi rəisi Fərhad Tağıyev yaralanıblar.

Rəvan Şərifzadə ifadəsində antiterror tədbirləri zamanı - sentyabrın 19-dan 20-nə keçən gecə Vəng kəndinin yaxınlığında yaralandığını söyləyib.

Nəsib Ələkbərov ifadəsində deyib ki, 2022-ci il sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən təxribat xarakterli genişmiqyaslı hərəkətlərin törədilməsinin qarşısını alarkən Daşkəsən rayonu ərazisində qarşı tərəfdən atılan artilleriya mərmisinin partlaması nəticəsində adlarını hazırda xatırlamadığı hərbi qulluqçular şəhid olublar. Eyni zamanda, o və daha bir neçə hərbçi müxtəlif növ bədən xəsarətləri alıb.

İmran Bayramov Kəlbəcər-Ağdərə istiqamətində hücumun qarşısını almaq istəyərkən qarşı tərəfdən atılmış əl qumbarasının partlaması nəticəsində xəsarət aldığını bildirib.

Famil Məmmədov Vəng kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində özünün və daha bir azərbaycanlı hərbçinin yaralandığını, İlham Şəmşiyevin şəhid olduğunu qeyd edib.

Antiterror əməliyyatları zamanı xəsarət almış digər zərərçəkmişlər - Elşən İbrahimli və Tural Məmmədov Ağdam rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin təxribatının qarşısını alarkən yaralandıqlarını diqqətə çatdırıblar.

Zərərçəkənlər, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.

Məhkəmə prosesi iyulun 21-də davam etdiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az