Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo parlaq karyerasının dünya çempionatları səhifəsini böyük məyusluqla başa vurub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Portuqaliya yığması İspaniyaya 0:1 hesabı ilə məğlub olaraq dünya çempionatı ilə vidalaşıb. Qarşılaşmadan sonra göz yaşlarını saxlaya bilməyən Ronaldo ölkə mətbuatının sərt tənqidləri ilə üzləşib.
Uzun illər Portuqaliyada qəhrəman kimi qəbul edilən Kristiano Ronaldo son illərdə getdikcə daha çox tənqid hədəfinə çevrilib. Bütün dövrlərin ən yaxşı futbolçusu müzakirələrində uzun müddət Lionel Messi ilə müqayisə olunan portuqaliyalı ulduz 2022-ci il Qətər dünya çempionatından sonra bir çoxlarının fikrincə, argentinalı futbolçunun kölgəsində qalıb.
Portuqaliya millisinin heyətində sonuncu dəfə dünya çempionatında çıxış edən Ronaldo turnirdə 3 qol vursa da, bəzi ekspertlərin fikrincə, daha çox fərdi oyuna üstünlük verib. Bu səbəbdən o, öz ölkəsində də ciddi tənqidlərə məruz qalıb.
Ölkənin nüfuzlu idman nəşrlərindən A Bola dərc etdiyi məqalədə “Kristiano Ronaldo səni məhv etmək istəmirik, amma artıq bəsdir” başlığından istifadə edib.
Məqalədə belə yazılıb:
“Kristiano Ronaldonun kənara çəkilməsinin vaxtı çatıb. Çünki əvvəllər də gördüyümüz kimi, onun eqosu bu gün daha yüksək səviyyədə çıxış edən futbolçunun yer almasına imkan vermir. Əgər Ronaldonun hər oyunda mütləq 90 dəqiqə meydanda olması zərurəti olmasaydı, bu dünya çempionatının Portuqaliya üçün necə nəticələnəcəyini heç vaxt bilməyəcəyik. Hətta Donald Tramp belə bu məğlubiyyəti dəyişdirə bilməzdi”.