“Əlbəttə ki, ilk oyunun nəticəsi bərabərliklə yekunlaşıb və cavab matçında hər iki komanda qalib gəlmək istəyir”.
Manset.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) komandası ilə keçiriləcək cavab oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib:
“Rəqibin açıqlamalarından da görünür ki, çox iddialı və həvəslidirlər. Bu isə bizi daha da məsuliyyətli olmağa sövq edir. Deyərdim ki, bərabər səviyyəli iki komanda mübarizə aparır və hər ikisinin də qələbə qazanmaq şansı var. Hər bir halda, inanıram ki, azarkeşlər baxımlı və maraqlı futbol izləyəcəklər. Biz də çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini nümayiş etdirək”.
Təcrübəli mütəxəssis həmçinin taktiki gedişləri və təcrübə faktorundan danışıb:
“Mərhələ keçmək istəyiriksə, Bakıdakı matçla müqayisədə mütləq daha yaxşı oynamalıyıq. Rəqib oyunun gedişində daim sistemdə rotasiyalar və taktiki dəyişikliklər etməyə qadirdir. Buna görə də bizim ən güclü silahımız öz oyunumuzu daha da təkmilləşdirmək və bacarığımızı maksimum nümayiş etdirməkdir.
Təcrübəyə gəlincə, həm bizim, həm də rəqibin kifayət qədər avrokubok təcrübəsi var. Rəqibin baş məşqçisi həm yaxşı futbolçu olub, həm də bacarıqlı mütəxəssisdir. Belə məsuliyyətli matçlarda daha soyuqqanlı və səliqəli oynamalıyıq. Dolu tribunalar və aqressiv azarkeş dəstəyi qarşısında oynamaq bizi qorxutmur, əksinə sevindirir. Əminəm ki, komandam daha cəsarətli olacaq və nəticədən asılı olmayaraq, azarkeşlər çox maraqlı mübarizəyə şahidlik edəcəklər”.
“Kollektivə tam uyğunlaşmış və oyunumuzu zənginləşdirən iki vacib futbolçumuz başqa klublara keçdi. Onlar komandamız üçün çox dəyərli idilər və hər ikisinə növbəti karyerasında uğurlar arzulayıram. Lakin keçmişə boylanmaq düzgün olmazdı. Heyətimizdə çox istedadlı yeni oyunçular var və mən onlara güvənərək komandaya dəvət etmişəm. Düzdür, fərqli üsluba malikdirlər, lakin özünəməxsus maraqlı oyun manevrləri var. İnanıram ki, gedən futbolçuların yoxluğunu hiss etdirməyəcək, meydana maksimum istəklə çıxaraq sona qədər mübarizə aparacaqlar”, – deyə o əlavə edib.
Q. Qurbanov sözügedən matçda arxayınlığa yol verilməyəcəyini də diqqətə çatdırıb:
“Biz keçmiş nəticələr haqqında düşünmürük. İki il əvvəl 7 qol vurmağımız o demək deyil ki, bu gün də eyni nəticəni rahatlıqla təkrarlaya biləcəyik. Futbolda belə hesablar nadir hallarda olur. Bakıdakı ilk matçda rəqibin nə dərəcədə güclü olduğunu bir daha gördük. Müasir futbolda səviyyələr bərabərləşib və istənilən komanda sürpriz edə bilər. Bizim üçün əsas olan hesabın fərqi deyil – istər bir, istərsə də iki top fərqi olsun, vacib olan düzgün oyun qurmaqdır. Bu rəqibə qarşı zərrə qədər səhlənkarlığa yol vermək olmaz. Böyükhesablı qələbələri unudub, yalnız sabahkı matçda lazımi nəticəni qazanmağa köklənmişik”.
Qeyd edək ki, iyulun 30-da Sofiyadakı “Vasil Levski” adına Milli Stadionda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.