Suriyanın dövlət başçısı Əhməd əş-Şara ölkə üçün mühüm bir addım atıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Dəməşqdə Suriya Mərkəzi Bankının rəhbəri Məhəmməd Sufvat Rəsanla birlikdə restoranda qəhvə içən əş-Şara hesabı nağd pulla ödəməyib. Uzun illər davam edən sanksiyalardan sonra ölkənin qlobal maliyyə sisteminə inteqrasiyası istiqamətində yeni mərhələnin başlanğıcını nümayiş etdirən əş-Şara ödənişi “Visa” kartı ilə həyata keçirib.
Bununla yanaşı, qlobal rəqəmsal ödəniş şirkəti “Visa” Suriya Mərkəzi Bankı, “Fransabank” və “Paymera” şirkətləri ilə əməkdaşlıq çərçivəsində Suriyada beynəlxalq kart əməliyyatını uğurla sınaqdan keçirdiyini açıqlayıb.
Şirkətin açıqlamasında bildirilib ki, bu mühüm mərhələ Suriyada rəqəmsal ödəniş imkanlarının genişləndirilməsi və ölkənin qlobal rəqəmsal iqtisadiyyatla əlaqələrinin gücləndirilməsi istiqamətində daha genişmiqyaslı səylərə dəstək verəcək.