İncəsənət sahəsində atesstasiyadan keçən müəllimlərin maaşı 25 faiz artıb.
Manset.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov Milli Məclisdə “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Nazir müşaviri onu da təəssüflə qeyd edib ki, regionlarda incəsənət sahəsində təhsilverənlərin böyük əksəriyyəti atesstasiyadan keçə bilməyib.
"Məsələn Yevlax rayonunda hər iki müəllimdən biri, digər bölgələrdə isə üç nəfərdən biri atesstasiyadan keçə bilməyib. Müəllimlərin çoxu atesstasiyadan sıfır faiz toplayıb",- o qeyd edib.
O əlavə edib ki, indiyədək incəsənət sahəsində 6 min təhsilverən atesstasiyadan keçib və qarşıdakı müddətdə daha 6 min müəllim atesstasiyadan keçəcək. "Amma atesstasiyanın nəticələri ürəkaçan deyil. Çünki bu sahədə dərs deyənlərin əksəriyyəti ali təhsilli deyil. Onların əksəriyyəti orta və orta texniki səviyyədədir.
Digər mühüm məqam isə müəllimlərin iş saatı dan xəbərinin olmamasıdır. Əgər bu sahədə ciddi və təxirəsalınmaz tədbirlər görülməzsə qarşıdakı illərdə ciddi problemlər üzləşə bilərik. Addımlar atılmasa incəsənət məktəblərində təhsil dayana bilər. Bu, həyəcan siqnalı olmalıdır",-müşavir qeyd edib.