Azərbaycanda azad sahibkarlığın inkişafı, özəl sektorun iqtisadiyyatda payının artırılması və sağlam rəqabət mühitinin formalaşdırılması iqtisadi siyasətin əsas istiqamətlərindən biridir. Sahibkarlara yaradılan imkanlar, vergi güzəştləri, güzəştli kreditlər və investisiya təşviqi mexanizmləri bu sahədə atılan addımlar sırasındadır.
Azərbaycanda liberal iqtisadiyyatın üstünlüklərindən daha səmərəli yararlanmaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Manset.az-a açıqlamasında bildirib ki, liberal iqtisadiyyatın əsas üstünlüyü iqtisadi fəaliyyətin dövlətin birbaşa müdaxiləsi ilə deyil, bazar münasibətləri, azad rəqabət və sahibkarlıq təşəbbüsü əsasında inkişaf etməsidir.
Onun sözlərinə görə, bu model biznes qurmaq, investisiya yatırmaq, məhsul istehsal etmək və xidmət göstərmək imkanlarını genişləndirir:

“Liberal iqtisadiyyatın faydalarından daha çox yararlanmaq üçün ilk növbədə sağlam rəqabət mühiti formalaşdırılmalı, özəl sektorun iqtisadiyyatda payı artırılmalı və sahibkarların fəaliyyətinə əsassız müdaxilələr minimuma endirilməlidir. Eyni zamanda, mülkiyyət hüququnun etibarlı qorunması, məhkəmə sisteminin müstəqilliyi, müqavilə öhdəliklərinin icrası və şəffaf vergi siyasəti təmin edilməlidir. Sahibkar bilməlidir ki, sərmayə qoyduğu biznesin hüquqları qorunacaq və dövlət qarşısında bütün iştirakçılar bərabər imkanlara malik olacaq.
Dövlət bu istiqamətdə müəyyən addımlar atır. Sahibkarlara vergi güzəştlərinin verilməsi, güzəştli kreditlərin ayrılması, investisiya təşviqi mexanizmlərinin tətbiqi, sənaye və texnologiya parklarının yaradılması, biznes qeydiyyatının və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması bu tədbirlər sırasındadır. KOBİA vasitəsilə kiçik və orta sahibkarlara dəstək göstərilir. Bundan başqa, 2024-cü ildə Rəqabət Məcəlləsinin qəbul edilməsi və 2027–2029-cu illər üçün rəqabətin inkişafı üzrə Milli Fəaliyyət Planının təsdiqlənməsi bazarda rəqabət mühitinin gücləndirilməsinə yönəlib”.
İqtisadçı qeyd edib ki, bütün bunlara baxmayaraq, Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafına mane olan problemlər də qalmaqdadır. Onun fikrincə, iqtisadiyyatın bəzi sahələrində rəqabətin məhdud olması, iri şirkətlərin bazarda üstün mövqeyi, dövlət müəssisələrinin iqtisadiyyatda böyük paya malik olması, maliyyə resurslarına çıxışın çətinliyi və inzibati maneələr kiçik sahibkarların inkişaf imkanlarını məhdudlaşdırır:
“Bu problemlərin aradan qaldırılması üçün ilk növbədə qanun qarşısında bütün sahibkarlar üçün bərabər şərait yaradılmalıdır. Dövlət şirkətləri ilə özəl şirkətlər eyni bazarda fəaliyyət göstərərkən onlara münasibətdə rəqabət neytrallığı təmin edilməlidir. Dövlətin birbaşa sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu sahələrdə mərhələli şəkildə özəl sektorun iştirakı genişləndirilməli, dövlət satınalmalarında şəffaflıq və açıq rəqabət gücləndirilməlidir. Eyni zamanda, kiçik və orta biznesin maliyyə resurslarına çıxışı asanlaşdırılmalı, sahibkarların hüquqlarının məhkəmələrdə etibarlı müdafiəsi təmin edilməlidir.
Əsas məsələ ondan ibarətdir ki, liberal iqtisadiyyat yalnız qanunların qəbul edilməsi ilə formalaşmır. Bunun üçün həmin qanunların real həyatda işləməsi, sahibkarın dövlət məmurundan asılı olmadan fəaliyyət göstərə bilməsi və bazara yeni daxil olan şirkətlərin mövcud iri şirkətlərlə bərabər şərtlərdə rəqabət aparması vacibdir. Dövlətin əsas rolu bizneslə məşğul olmaqdan daha çox, biznesin inkişafı üçün ədalətli və şəffaf qaydalar yaratmaq olmalıdır”.
Fidan Vəlisoy
6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanıb
