Bu gün – noyabrın 17-i Azərbaycanda Milli Dirçəliş Günüdür.
Manset.az xatırladır ki, bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.
Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan “Azadlıq”da (keçmiş Lenin meydanı-red) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Milyonlarla insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi.