Avropa Parlamentinin 18 dekabr 2025-ci il tarixli, Azərbaycan Respublikasına qarşı qəbul etdiyi qətnamə hüquqi əsaslardan məhrum, faktoloji baxımdan əsassız və siyasi motivli olmaqla yanaşı, mahiyyət etibarilə Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş açıq şər və böhtan xarakterli bir sənəddir və bu yanaşma Avropa Parlamentinin ölkəmizə münasibətdə uzun müddətdir nümayiş etdirdiyi qərəzli və ikili standartlara əsaslanan siyasətin növbəti təzahürüdür.
Sözügedən sənəddə irəli sürülən iddialar
obyektiv araşdırmalara, etibarlı hüquqi mənbələrə və beynəlxalq hüququn norma və
prinsiplərinə deyil, siyasi spekulyasiyalara və təzyiq niyyətinə əsaslanır ki,
bu da Azərbaycan Respublikasının konstitusiya quruluşuna, suverenliyinə,
hüquq-mühafizə və məhkəmə institutlarına qarşı açıq hörmətsizlik aktı kimi qiymətləndirilməlidir.
Avropa Parlamenti öz
səlahiyyət hüdudlarını aşaraq müstəqil dövlətin daxili işlərinə müdaxilə etmək,
məhkəmə qərarlarını siyasi mülahizələrlə şübhə altına almaq və istintaq proseslərinə
qiymət vermək cəhdi göstərir ki, bu yanaşma Birləşmiş Millətlər Təşkilatının
Nizamnaməsinin 2-ci maddəsində təsbit edilən dövlətlərin suveren bərabərliyi və
daxili işlərə qarışmamaq prinsiplərinə açıq ziddir. Qətnamədə adı çəkilən şəxslərlə
bağlı aparılmış istintaq və məhkəmə araşdırmaları Azərbaycan Respublikasının
Konstitusiyasına, Cinayət-Prosessual Məcəlləsinə, habelə ölkəmizin tərəfdar
çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasına və digər beynəlxalq hüquqi öhdəliklərə
tam uyğun şəkildə həyata keçirilmiş, cinayət məsuliyyəti o şəxslərin konkret və
sübuta yetirilmiş qanunazidd əməlləri əsasında müəyyən edilmişdir.
“Özbaşına həbs”,
“siyasi məhbus” və “akademik azadlıqların boğulması” kimi anlayışların sübutsuz
və şablon şəkildə dövriyyəyə buraxılması hüquqi qiymətləndirmə deyil, məqsədli
dezinformasiya və siyasi manipulyasiya xarakteri daşıyır və bu, Avropa
Parlamentinin selektiv yanaşmasının bariz nümunəsidir. Xüsusilə vurğulanmalıdır
ki, eyni qurum uzun illər ərzində Azərbaycan ərazilərinin işğalı dövründə yüz
minlərlə azərbaycanlının fundamental hüquqlarının kobud şəkildə pozulmasına,
etnik təmizləməyə, mədəni və dini irsin sistemli şəkildə məhv edilməsinə ya səssiz
qalmış, ya da bu faktlara formal və qeyri-adekvat münasibət sərgiləmişdir ki,
bu da bu gün səsləndirilən iddiaların səmimiyyətini tamamilə şübhə altına alır.
Qətnamədə sanksiya
çağırışlarının və tərəfdaşlıq münasibətlərinin siyasi şərtlərlə bağlanması cəhdlərinin
yer alması bərabərhüquqlu əməkdaşlıq prinsipinə, Avropa təhlükəsizlik
sisteminin təməlini təşkil edən Helsinki Yekun Aktına və beynəlxalq hüququn
ümumi prinsiplərinə zidd olmaqla yanaşı, açıq şəkildə siyasi təzyiq aləti kimi
çıxış edir.
Avropa Parlamentinin
Azərbaycan dövlətçiliyinə, milli maraqlarına və hüquqi sisteminə qarşı yönələn
şər, böhtan və siyasi təzyiq cəhdləri nə hüquqi əsaslara, nə də obyektiv
faktlara söykənir və bu kimi yanaşmalar regionda etimad mühitinin
formalaşmasına xidmət etmir. Avropa Parlamentinin reallıqları təhrif edən və
selektiv yanaşmaya əsaslanan bu cür sənədləri dialoqa deyil, qarşıdurmanın dərinləşməsinə
xidmət edir. Hesab edirəm ki, qarşılıqlı münasibətlərin sağlam və davamlı
inkişafı yalnız beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, suverenliyə
ehtiram, bərabərlik və daxili işlərə qarışmamaq əsasında mümkündür və bu
prinsiplərdən kənar hər hansı yanaşma konstruktiv nəticə verməyəcəkdir.
Vasif Qafarov
Milli Məclisin deputatı