Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında Prezident İlham Əliyevin çıxışı qlobal enerji təhlükəsizliyi məsələlərinə praqmatik və strateji yanaşmanın bariz nümunəsidir. On iki il əvvəl əsası qoyulan bu təşəbbüs artıq özünü doğrultmuş beynəlxalq əməkdaşlıq platformasına çevrilib.
Ötən
dövrdə regionda müxtəlif çətinliklərə və geosiyasi gərginliklərə baxmayaraq,
Azərbaycan və tərəfdaşları bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin
olunmasında real nəticələr əldə edib. Əgər əvvəlki mərhələdə Azərbaycan 12
ölkəyə qaz ixrac edirdisə, hazırda bu rəqəm 16-ya çatıb. Bu göstərici ilə
Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına görə
dünyada lider mövqedədir. Qaz təchizatının coğrafiyası genişlənərək artıq
Avropa hüdudlarını da aşıb. İlk dəfə olaraq Suriyaya 1,5 milyard kubmetr
həcmində qaz tədarükünə başlanması həm humanitar, həm də strateji baxımdan
mühüm addımdır. Bu, elektrik enerjisi qıtlığının azaldılmasına və
sosial-iqtisadi sabitliyin möhkəmlənməsinə xidmət edir.
Avropa
İttifaqının 10 üzv dövləti Azərbaycan qazının istehlakçısıdır. Almaniya və
Avstriya da Azərbaycan qazını alan ölkələr sırasına yeni qoşulub. Bununla
yanaşı, hasilatın artırılması istiqamətində konkret addımlar planlaşdırılır. “Azəri-Çıraq-Günəşli”
yatağının dərin qaz laylarından hasilatın başlanması, “Abşeron” yatağının
tammiqyaslı işlənməsi, “Ümid” yatağının ikinci mərhələsi və “Şahdəniz”
yatağında isə 2028-ci ildən yeni mərhələ üzrə hasilata start verilməsi 10-15
milyard kubmetr əlavə qaz hasil etməyə imkan yaradacaq. Lakin dövlət başçısının
da qeyd etdiyi kimi, mövcud
infrastruktur artıq tam yüklənmiş vəziyyətdədir. Buna görə də genişləndirmə,
interkonnektorların yaradılması və yeni bazarların açılması zəruridir.
Cari
ilin əvvəlində Azərbaycanda regionun indiyədək ən böyük – 240 meqavat gücündə
külək elektrik stansiyası istifadəyə verilib. Layihə “ACWA Power” tərəfindən
reallaşdırılıb. Bundan əvvəl isə “Masdar” şirkəti tərəfindən 2023-cü ildə 230
meqavat gücündə Günəş elektrik stansiyası inşa edilib. Bu layihələr
Azərbaycanın yaşıl enerji potensialının reallaşdırılması istiqamətində mühüm
mərhələdir. SOCAR və özəl sektorun bu sahəyə investisiya yatırması isə enerji
siyasətinin şaxələndirilməsinin real göstəricisidir. Azərbaycan Qara dənizin
dibi ilə Avropaya uzanan enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana
çəkiləcək kabel layihələri üzərində də fəal işləyir. Bu təşəbbüslərin reallaşması
ilə regionun enerji arxitekturasında fundamental dəyişikliklər olacaq.
Artan
sənayeləşmə, kommunikasiya sektoru, süni intellekt və data mərkəzlərinin
inkişafı kontekstində dayanıqlı enerji təminatı prioritet məsələdir. Bu
baxımdan, Azərbaycan qazıntı yanacağı ilə bərpaolunan enerji arasında balanslı
və praqmatik yanaşma sərgiləyir. Azərbaycanın enerji siyasəti yalnız hasilat və
ixracla məhdudlaşmır. Azərbaycan regionda etibarlı tranzit ölkə rolunu da
gücləndirir. Qazaxıstan və Türkmənistan neftinin tranziti artır, Xəzərin şərq
sahillərindən əlavə həcmlərin qəbulu üçün infrastruktur mövcuddur. Bununla
yanaşı, Türkiyədə 870 meqavatlıq elektrik stansiyasının əldə olunması,
Serbiyada 500 meqavatlıq stansiyanın inşası barədə müqavilə, eləcə də İtaliyada
ümumi gücü 10 milyon ton olan iki neftayırma müəssisəsinin alınması
Azərbaycanın enerji diplomatiyasının geniş miqyasını göstərir. Egey dənizi
sahillərindəki 12 milyon tonluq neftayırma gücü ilə birlikdə, Aralıq və Egey
hövzəsində 22 milyon tonluq emal potensialı formalaşıb.
Bakıda
keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və
Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası bir daha sübut
edir ki, Azərbaycan təkcə enerji resurslarına malik ölkə deyil, həm də qlobal
enerji təhlükəsizliyinin formalaşmasında strateji söz sahibidir. Enerji
diplomatiyası, şaxələndirmə, yaşıl keçid və praqmatik realizm – bütün bunlar
ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas sütunlarını təşkil edir.
Milli Məclisin deputatı,
tarix elmləri doktoru