"Azərbaycan–Ukrayna əməkdaşlığının dərinləşməsi qlobal təhlükəsizliyə və sülhə yeni imkanlar aça bilər"

12:05 - 26 Aprel 2026

\"Azərbaycan–Ukrayna əməkdaşlığının dərinləşməsi qlobal təhlükəsizliyə və sülhə yeni imkanlar aça bilər\"

2026-cı il aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana  səfəri və Prezident İlham Əliyev ilə Qəbələdə keçirilən görüşlər iki ölkə arasındakı münasibətlərin gələcək inkişaf trayektoriyasını müəyyənləşdirmək baxımından tarixi əhəmiyyət daşıyır. Bu səfər sıradan diplomatik hadisə deyil. Xüsusilə, Rusiya-Ukrayna, ABŞ/İsrail-İran müharibəsinin davam etdiyi, Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı və qlobal nizamın yenidən formalaşdırılmağa başlandığı bir dövrdə Ukrayna Prezidentinin Azərbaycana səfəri, imzalanan sənədlər və verilən bəyanatlar həm geosiyasi gündəmdə, həm də ikitərəfli münasibətlərdə ciddi dəyişikliklərin baş verdiyini göstərir.


Bu dinamikanın əsas hərəkətverici qüvvəsi isə, şübhəsiz ki, Azərbaycandır. İki ölkə arasında münasibətlərin bu səviyyədə inkişafı və konkret nəticələrin əldə olunması Azərbaycanın ardıcıl siyasəti və Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində mümkün olub.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi, 2022-ci ilin yanvarında dövlət başçısının Kiyevə rəsmi səfəri, 25 aprel 2026-cı ildə Zelenskinin ölkəmizə səfəri Azərbaycan–Ukrayna münasibətlərinin intensiv və sistemli xarakter aldığını nümayiş etdirir.

Rusiya-Ukrayna müharibəsi başlayanda bir çox postsovet ölkələrindən fərqli olaraq Azərbaycan qaçıb gizlənmədi, yumşaq desək, passiv və gözləmə mövqe tutmadı. Əksinə, uzun illər müdafiə etdiyi beynəlxalq hüququn prinsiplərinə sadiq qalaraq Ukraynanın ərazi bütövlüyünü və suverenliyini açıq şəkildə dəstəklədi. İşğalın və humanitar fəlakətin nə demək olduğunu öz təcrübəsindən bilən Azərbaycan dövləti Ukrayna xalqına, müharibədən zərər çəkən mülki əhaliyə genişmiqyaslı humanitar yardım göstərdi, ukraynalı uşaqları Bakıya gətirərək onların reabilitasiyasını təşkil etdi. Bununla da, ölkəmiz həm prinsipial mövqeyini qorudu, həm də beynəlxalq arenada müstəqil və etibarlı tərəfdaş kimi nüfuzunu daha da möhkəmləndirdi və “orta güc” statusunu praktik şəkildə təsdiqlədi. Baxmayaraq ki, 90-cı illərdə bizim xalqımız humanitar fəlakətlə və təcavüzlə qarşılaşanda bizə heç kim, o cümlədən Ukrayna bu cür hərtərəfli dəstək göstərmədi.

Bu məqamda xatırlatmaq yerinə düşər ki, Azərbaycan yeganə dövlətdir ki, hazırda dünyanın bir nömrəli siyasi və təhlükəsizlik gündəmini zəbt edən bütün ölkələrlə - ABŞ, İsrail, Rusiya, İran və Ukrayna ilə əlaqələrini elə unikal formada qurub ki, həmin ölkələrlə münasibətdə həm milli maraqlarını ən yüksək səviyyədə təmin edir, həm də bir-birinə düşmən ölkələr arasında açıq tərəf tutmadan öz müstəqilliyini və dəyərlərinin qoruya bilir. Bir daha təkrar edirəm, dünyada ikinci belə bir ölkə yoxdur. Bu isə müasir beynəlxalq münasibətlər sistemində nadir rast gəlinən unikal  nailiyyətdir. 

Zelenskinin Azərbaycana səfərinin iki ölkə arasında iqtisadi, enerji və humanitar sahədə əməkdaşlığın dərinləşməsi baxımından xüsusi əhəmiyyətini qeyd etməklə yanaşı,  bu səfərin iki mühüm nəticəsinə toxunmaq istərdim.

Birincisi, Azərbaycan və Ukrayna arasında hərbi və müdafiə sahəsində yeni əməkdaşlıq  mərhələsinin başlanmasıdır. Söhbət müasir müharibə təcrübəsinə malik iki ölkədən gedir. Biri dünyada ilk dəfə dron müharibəsini başlayan və yeni müharibə standartıni tətbiq etməklə Rusiyanın və İranın Ermənistana yardım etməsinə baxmayaraq cəmi 44 günə  ərazilərini işğaldan azad edən Azərbayacan, digəri isə 4 ildir dünyanın ikinci hərbi gücü, Rusiyanın təcavüzünü, dron və raket hücumlarını dəf etməklə güclü müdafiə təcrübəsi toplamış, dronlara qarşı effektiv mübabizə sistemi yarada bilmiş Ukrayna. Demək ki, hər iki ölkənin hərbi təcrübəsi və birgə əməkdaşlığı  müdafiə sənayesində çox böyük yeniliklərin yaranmasına səbəb ola və gələcəkdə işağala və təvavüzə məruz qalan ölkələrin etibarlı müdafiəsinə, bütövlükdə dünyanın təhlükəsziliyinə ciddi töhvə vermiş olar.

İkincisi,  Azərbaycan Rusiya Ukrayna mühasribəsinin başa çatmasında və ya tökülən qanın uzunmüddət durdurulmasında vasitəçi ola, sülh üçün platforma rolunu oynaya bilər. Prezident Zelenskinin Qəbələdə “Moskva istəsə Ukrayna-Rusiya danışıqları Bakıda keçirilə bilər və biz buna hazırıq” deməsi bu məsələni real ola biləcəyinə açıq işarədir. Çünki, son 4 ildə bir çox ölkələr danışıqlara ev sahibliyi etsələr də, ciddi nəticələr əldə edilmədi, bir çox ölkələrin isə vasitəçilik təklifləri tərəfələrin ən azı biri tərəfindən qəbul olunmadı. Dünürəm ki, Azərbaycanın indiyə qədər mövcud olan danışıqlar platformalarından daha effektiv və nəticə yönümlü məkan olması mümkündür. Ona görə ki, Prezident İlham Əliyev indiyə kimi danışıqlara ev sahibliyi etmiş liderlərdən fərqli olaraq təkcə Putinin və Zelenskinin anladığı dildə səlist danışmır, həm də sözün əsl mənasında onların “dilini” çox yaxşı bilir. Bu baxımdan, əgər, Azərbaycan danışıqlar üçün məkan seçilərsə, Prezident İlham Əliyev Trampdan fərqli olaraq tərəflərin hər hansı birini şantaj və ya qorxutmaqla yox, bu “dildən” məharətlə istifadə edib müəyyən anlaşmaya vara biləcək ən doğru və ən real liderdir. 

Yeri gəlmişkən,  aprelin 23-də ATƏT PA-nın nümayəndə heyəti olaraq Astanada Prezident Tokayevlə görüşdə bir çox məsələlərlə yanaşı Rusiya-Ukrayna müharibəsinin həlli perspektivləri də müzakirə olundu. Müzakirələrin detallarına varmadan deyə bilərəm ki, bu gün dünyada heç kim bu müharibədə vasitəçilik missiyasını üzərinə götürməyə risk etmir, məsələnin qəlizliyi və tərəflərin mövqelərindən geri çəkilməmək istəyi və bir də beynəlxalq hüququn qorunmasının vacibliyi məsələni xeyli mürəkkəbləşdirir. Məhz buna görə də bu gün yalnız hərbi yolla həlli mümkün görünməyən bu münaqişənin diplomatik vasitələrlə, xüsusilə vasitəçilik mexanizmləri ilə çözülməsi bir çoxları tərəfindən ‘möcüzə’ kimi dəyərləndirilir.

Ancaq Azərbaycan indiyə kimi həlli “möcüzə” kimi görsənən 200 illik Qarabağ məsələsini həll edə bildisə, niyə hər iki ölkə ilə qurduğu etibarlə əlaqələrdən istifadə edərək Rusiya-Ukrayna “möcüzə”sini reallığa çevirməsin?  Əminəm ki, tərəflərin belə bir istəyi olsa, İlham Əliyevin nüfuzu və diplomatik məharəti öz sözünü deyəcək.  Yaxın günlərdə maraqlı hadisələrin olacağını düşünürəm.


Azay Quliyev

Milli Məclisin deputatı


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az