Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də görkəmli maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulub. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, “Əkinçi” xalqın maariflənməsinə, milli özünüdərkin formalaşmasına, ictimai-siyasi fikrin inkişafına və Azərbaycan dilində mətbuat ənənələrinin yaranmasına mühüm töhfə verərək milli jurnalistikanın ideya təməlini formalaşdırdı. Sonrakı dövrdə nəşr olunan “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Açıq söz” və digər qəzet-jurnallar milli düşüncənin, azadlıq ideyalarının və maarifçilik hərəkatının inkişafında əvəzsiz rol oynadı.
Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizə tarixinin ayrılmaz tərkib hissəsidir. Məhz bu zəngin ənənələr müstəqil Azərbaycan dövründə daha da inkişaf etdirildi.
1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar ölkədə söz və mətbuat azadlığının təmin olunması istiqamətində yeni mərhələnin əsasını qoydu. Kütləvi informasiya vasitələrinin fəaliyyətini məhdudlaşdıran maneələr aradan qaldırıldı, 1998-ci ildə dövlət senzurası tamamilə ləğv edildi, medianın inkişafını təmin edən müasir qanunvericilik bazası yaradıldı. Bu qərarlar Azərbaycanda azad mətbuatın formalaşmasına və media plüralizminin genişlənməsinə mühüm təkan verdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət ardıcıl şəkildə davam etdirilərək medianın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi, peşəkarlığın artırılması və rəqəmsal transformasiyanın sürətləndirilməsi istiqamətində mühüm addımlar atıldı. “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman əsasında Medianın İnkişafı Agentliyinin yaradılması, daha sonra media idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə Media və Yayım Şurasının formalaşdırılması istiqamətində həyata keçirilən islahatlar bu sahədə institusional inkişafın mühüm göstəriciləridir.
2021-ci ildə qəbul edilən “Media haqqında” Qanun müasir informasiya mühitinin tələblərinə uyğun hüquqi çərçivə formalaşdıraraq media subyektlərinin fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyənləşdirdi. Bununla yanaşı, media subyektlərinə tətbiq olunan vergi güzəştləri, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, güzəştli ipoteka imkanlarının yaradılması və dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi ölkədə peşəkar jurnalistikanın inkişafına əlavə stimul verdi.
Müasir informasiya texnologiyalarının sürətli inkişafı Azərbaycan mediasını qlobal informasiya şəbəkəsinin ayrılmaz hissəsinə çevirib. İnternet jurnalistikasının geniş yayılması, rəqəmsal platformaların inkişafı və süni intellekt texnologiyalarının media mühitinə daxil olması jurnalistika qarşısında yeni imkanlarla yanaşı, yeni məsuliyyətlər də yaradır. Dezinformasiyaya qarşı mübarizə, informasiya təhlükəsizliyinin təmin edilməsi, media savadlılığının artırılması və peşə etikası bu gün Azərbaycan mediasının əsas prioritetləri sırasında yer alır.
Azərbaycan mediası xüsusilə Vətən müharibəsi dövründə və sonrakı mərhələdə dövlət maraqlarının müdafiəsində mühüm rol oynadı. Jurnalistlər cəbhə bölgəsində peşəkarlıq və vətənpərvərlik nümayiş etdirərək Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfə verdilər. İnformasiya müharibəsində əldə olunan uğurlar göstərdi ki, müasir dövrdə media dövlət təhlükəsizliyinin və milli maraqların qorunmasının vacib elementlərindən biridir.
Eyni zamanda, Azərbaycan və Türkiyə arasında media sahəsində strateji əməkdaşlığın inkişafı, Birgə Media Platformasının fəaliyyəti, beynəlxalq dezinformasiyaya qarşı koordinasiyalı mübarizə və ortaq media layihələri iki qardaş ölkənin informasiya məkanında əməkdaşlığını daha da möhkəmləndirib.
Son illərdə Şuşada keçirilən Qlobal Media Forumları Azərbaycanın beynəlxalq media dialoqunun mühüm platformasına çevrilib. Xüsusilə IV Şuşa Qlobal Media Forumunda medianın sülhün təşviqində rolu, həqiqətin bərpası, dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq, süni intellekt dövründə media etikası və təhlükəsiz informasiya mühiti kimi aktual məsələlər geniş müzakirə olunub. Bu forumlar Azərbaycanın qlobal informasiya məkanında artan nüfuzunun və media sahəsində beynəlxalq əməkdaşlığa verdiyi önəmin bariz nümunəsidir.
Bu gün Azərbaycan milli mətbuatı 150 illik zəngin tarixi ənənələrə söykənərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarşıdakı dövrdə rəqəmsallaşma, innovativ texnologiyaların tətbiqi, süni intellektdən səmərəli istifadə, beynəlxalq informasiya məkanında rəqabət qabiliyyətinin artırılması və dezinformasiyaya qarşı effektiv mübarizə medianın əsas inkişaf istiqamətlərini müəyyən edəcək. Bununla yanaşı, peşəkar jurnalistika prinsiplərinə sadiqlik, obyektivlik, operativlik, milli maraqların qorunması və cəmiyyətin düzgün məlumatlandırılması Azərbaycan mediasının əsas missiyası olaraq qalacaq.
Vasif Qafarov,
Milli Məclisin deputatı,
Tarix elmləri doktoru