Xəbər verdiyimiz kimi, Xalq artisti Röya Ayxan Fransanın Kann şəhərində keçirilən nüfuzlu “I Success Top 100 Awards Gala” tədbirində iştirak edib. Qırmızı xalça mərasimində yer alan estrada ifaçısı “Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatına layiq görülüb.
Manset.az xəbər verir ki, Röya Ayxanın Kann Film Festivalına qatılması birmənalı qarşılanmayıb. Tanınmış kinorejissor, kinoşünas və ssenarist Ayaz Salayev müğənninin bu addımına münasibət bildirib. O qeyd edib ki, istənilən şəxs qeydiyyatdan keçib, viza alaraq festivala qatıla bilər. Ayaz Salayev onu da əlavə edib ki, Röya Ayxana təqdim olunan mükafatın Kann Film Festivalı ilə birbaşa əlaqəsi yoxdur.
Buna cavab olaraq Röya Ayxan bu gün sosial şəbəkə hesabında sərt paylaşım edib. Müğənni tənqidlərə sərt reaksiya göstərərək ad çəkməkdən çəkinməyib. Paylaşımında o, kinorejissor Ayaz Salayevə birbaşa müraciət edib:
“Elə bilirsiniz gəlib mənə çatmır? Ayaz Salayev, başlayıram sizdən. Görəndə salamlaşırsınız. Özünüzə gəlin! Yaxşı? Mən öyrəşmişəm ölənləri diriltməyə. Amma siz elə ölü qalın!” Bəli, birinci mənəm. Bildin? Hər şeyin ən gözəlini, ən layiqincə edəni mənəm. Oxuduğum kimi də ürəyim var”.
Müğənninin bu emosional paylaşımı qısa zamanda sosial mediada böyük rezonans doğurub. Onun özünəməxsus ifadə tərzi və sərt üslubu sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb – bəziləri Röyanın haqlı olduğunu desə də, digərləri bu tonun sənətçiyə yaraşmadığını qeyd ediblər.