Azərbaycanda insan hüquqları islahatı - Vətəndaş fəallığı artırılır

13:50 - 05 Dekabr 2025

Azərbaycanda insan hüquqları islahatı - Vətəndaş fəallığı artırılır

Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi və siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, eləcə də sosial və siyasi fəallığının artırılması sahəsində mühüm addımlar atılmaqdadır. Son illər ölkədə hüquqi islahatlar sürətlə həyata keçirilərək, vətəndaşların hüquqlarının qorunması və onlara verilən hüquqi təminatlar möhkəmləndirilib. Dövlətin vətəndaş cəmiyyəti ilə əməkdaşlığı, hüquqi maarifləndirmə işlərinin genişləndirilməsi və sosial fəallığın artırılması məqsədilə bir sıra proqramlar və tədbirlər təşkil olunmaqdadır. Eyni zamanda, vətəndaşların siyasi və sosial həyatda iştirakını gücləndirmək, onların qərar qəbul etmə proseslərində daha fəal rol almalarını təmin etmək üçün yeni təşəbbüslər irəli sürülür. Bu addımlar Azərbaycanın inkişaf edən demokratik təsisatlarının möhkəmləndirilməsi və vətəndaşların hüquqi mədəniyyətinin yüksəlməsi istiqamətində mühüm əhəmiyyət daşıyır. 

 

Milli Məclisin deputatı Pərvanə Vəliyeva mövzu ilə bağlı Manset.az-a açıqlamasında bildirib ki, Konstitusiyanın 48 maddəsi bilavasitə insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunmuşdur. Bu maddələr beynəlxalq hüquqi sənədlərə uyğun olaraq hazırlanmış və bütün vətəndaşların – dilindən, dinindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq – bərabər hüquqlara malik olmasını təmin edir.


“Azərbaycan Respublikasının Konstitusiyası ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinə möhkəm hüquqi baza yaratdı. Sənəd hakimiyyət bölgüsü prinsipini – qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinin ayrılığını təmin etdi və insan hüquq və azadlıqlarının qorunmasını dövlətin ali vəzifəsi kimi müəyyənləşdirdi.

Konstitusiyada müasir hüquqi dövlət quruculuğu meyilləri nəzərə alınaraq konstitusiya ədalət mühakiməsi institutunun yaradılması nəzərdə tutuldu. Bu əsasda 1997-ci il oktyabrın 21-də qəbul edilmiş “Konstitusiya Məhkəməsi haqqında” Qanuna əsasən, 1998-ci il iyulun 18-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. Bu orqan Konstitusiyanın aliliyinin təminatçısı kimi dövlət hakimiyyəti sistemində mühüm yer tutdu.

Əsas Qanun dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağı, vətəndaş cəmiyyətinin bərqərar olmasını, qanunların aliliyini və bazar iqtisadiyyatı prinsiplərini təmin etməyi dövlətin əsas məqsədləri kimi təsbit etdi.

Zamanla yaranan yeni sosial-siyasi reallıqlar Konstitusiyada dəyişikliklərin edilməsini zəruri etmişdir. Son dəyişikliklərlə Birinci vitse-prezidentlik institutu yaradıldı və bu, dövlət idarəçiliyi sistemində yeni funksional mərhələ açdı. Dəyişikliklərin əsas məqsədi dövlətin idarəetmə səmərəliliyini artırmaq, məhkəmə hakimiyyətinin müstəqilliyini gücləndirmək və insan hüquqlarının daha etibarlı müdafiəsini təmin etmək idi”.

Deputat qeyd edib ki, sosial və siyasi fəallığın artırılması cəmiyyətin sağlam inkişafının əsas şərtlərindən biridir. Bu fəallıq ilk növbədə vətəndaşların seçkilərdə iştirakından başlayır:

“Seçkilər yalnız səsvermə prosesi deyil, həm də insanların dövlət idarəçiliyində iştirak etməsinin, öz mövqeyini ifadə etməsinin və gələcək istiqamətlərin müəyyənləşdirilməsində söz sahibi olmasının ən mühüm demokratik mexanizmidir. Seçkilərdə iştirak etməklə vətəndaşlar həm hüquqlarından istifadə edir, həm də cəmiyyət qarşısında məsuliyyətlərini yerinə yetirmiş olurlar.

Siyasi fəallıq bununla məhdudlaşmır. Vətəndaşların ictimai müzakirələrdə iştirak etməsi, sosial problemlərə münasibət bildirməsi, təşəbbüslər irəli sürməsi və qərar qəbuletmə proseslərinə maraq göstərməsi sosial məsuliyyətin göstəricisidir. Sosial məsuliyyət isə insanın yalnız öz maraqlarını deyil, bütövlükdə cəmiyyətin rifahını düşünməsi, baş verən proseslərə biganə qalmaması deməkdir. Bu, qanunlara hörmət, ictimai qaydalara əməl, maariflənmə və başqalarını da fəal olmağa təşviq etməklə özünü göstərir”.

 

Fidan Vəlisoy

6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi

mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb 


 

 

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az