logo
logo logo
logo

Multikultural dəyərlər qorunur – Tolerantlıq ənənəsi davam edir

23:44 - 28 İyul 2026

Multikultural dəyərlər qorunur – Tolerantlıq ənənəsi davam edir

Azərbaycanda müxtəlif dinlərə və etnik icmalara mənsub insanların dinc və qarşılıqlı hörmət şəraitində birgəyaşayışı ölkədə formalaşmış tolerantlıq mühitinin əsas göstəricilərindən biri hesab olunur. Dövlət tərəfindən milli-mənəvi dəyərlərin qorunması, dini etiqad azadlığının təmin edilməsi, ibadət yerlərinin bərpası və mədəni irsin yaşadılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər bu sahədə müsbət tendensiyanı daha da gücləndirir. Cəmiyyətdə fərqli din və mədəniyyətlərə hörmətin təşviqi isə Azərbaycanın multikultural dəyərlərə sadiqliyini əks etdirən əsas amillərdən biri kimi qiymətləndirilir.


Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Manset.az-açıqlamasında bildirib ki, Azərbaycanda multikultural dəyərlərin inkişafının əsası Konstitusiyada təsbit olunub və bu, dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edilir: 


“Dini və milli komponentlər arasında tarazlığın qorunması, bütün vətəndaşlara bərabər hüquqların təmin edilməsi və onlara eyni yanaşmanın göstərilməsi xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma dövlət siyasətinin tərkib hissəsi olduğundan cəmiyyət tərəfindən də dəstəklənir. Təbii ki, zaman-zaman bu siyasəti qəbul etməyən qüvvələr də ortaya çıxır. Lakin onlar ümumi dövlət siyasətinə qarşı ciddi müqavimət göstərmək imkanına malik deyillər. Bu da onu göstərir ki, cəmiyyətin əksər üzvləri dövlətin müəyyən etdiyi bu xətti dəstəkləyir və onun həyata keçirilməsinə öz töhfəsini verir.

Diqqət yetirsəniz, ölkədə separatçılıq və ya dini dözümsüzlük xarakterli çağırışlar ortaya çıxdıqda, cəmiyyət tərəfindən onlara kəskin reaksiya verilir. Bu isə göstərir ki, qarşılıqlı hörmət və tolerantlıq yalnız dövlət siyasəti deyil, eyni zamanda cəmiyyətin mənimsədiyi və həyat tərzinə çevirdiyi bir dəyərdir. Bununla yanaşı, ölkədə yaşayan xalqların folklorunun qorunması, dillərinin inkişafı, mədəni irsinin yaşadılması və mədəni fəaliyyətlərinin dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər də bu sahəyə dövlət tərəfindən həssas yanaşıldığını və multikultural dəyərlərin inkişafına xüsusi önəm verildiyini göstərir”. 

Komitə sədri qeyd edib ki, eyni zamanda, ölkədə fəaliyyət göstərən bütün dini icmalara və onların nümayəndələrinə bərabər münasibət göstərilməsi, ibadət yerlərinin qorunması, bərpası və təmiri istiqamətində həyata keçirilən işlər dövlətin ayrı-seçkiliyə yol vermədiyini bir daha təsdiqləyir: 

“Azərbaycanda tolerantlıq artıq cəmiyyətin həyat tərzinə çevrilmiş bir dəyərdir. Məhz buna görə də bu məsələ dövlət siyasətində heç vaxt problemli və ya mübahisəli istiqamət kimi özünü göstərmir. Hər kəs anlayır ki, ayrı-ayrı xalqlara və dinlərə qarşı aqressiv münasibət qəbuledilməzdir və belə hallara həm dövlət, həm də cəmiyyət tərəfindən qəti reaksiya verilir. Bu səbəbdən də ayrı-ayrı qüvvələrin bu sahədə pozuculuq fəaliyyəti göstərmək imkanları demək olar ki, yoxdur. Dünyanın bəzi ölkələrində yəhudi və ya xristian ibadət yerlərinə qarşı hücumlar və təxribatlar baş verdiyi halda, Azərbaycanda belə hallara rast gəlinmir. Burada istər yəhudi sinaqoqları, istər xristian kilsələri, istərsə də digər dini məbədlər eyni hörmət və qayğı ilə əhatə olunur. Cəmiyyətdə azan səsi ilə yanaşı, kilsə zənglərinin səsi də təbii qarşılanır və bu, heç bir narazılıq doğurmur. Bütün bunlar göstərir ki, tolerantlığın Azərbaycan modeli real həyat təcrübəsinə əsaslanır və bu nümunə haqqında əminliklə danışmaq, onu beynəlxalq səviyyədə təqdim etmək mümkündür”, - deyə F.Mustafa fikirlərinə əlavə edib. 


Fidan Vəlisoy 

6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az