Könül gözü ilə, qızıl əlləri ilə işıq paylayan bir şəxsiyyətin xatirəsi hər kəs üçün əzizdir və əvəzolunmazdır

14:29 - 15 Aprel 2024

Könül gözü ilə, qızıl əlləri ilə işıq paylayan bir şəxsiyyətin xatirəsi hər kəs üçün əzizdir və əvəzolunmazdır

Bəzi insanlar var, sənətindən, peşəsindən asılı olmayaraq, xatirələrdə silinməz iz qoyan. Belə insanların bir zamanlar var olması belə bizə kimliyimizi- bir millət, bir xalq kimi nələrə qadir olmağımızı, kimlərlə təmsil olunmağımızın qürurunu yaşadır.
Yazılarımda ən çox payı olan, ən incə tellərlə yazmağa çalışdığım, ən həssas, ən duyğulu notlara kökləndiyim mövzulardandır qadın mövzusu…

Qadın elə bir qüvvədir ki, insan oğlu bu adın işığından dünyaya göz açıb, ən müqəddəs ada layiq görüləndir qadın. Qadının ağ örpəyindən bəşəriyyət üçün sülh, birlik yaranıb, yüksəlişindən mədəni tərəqqi yetişib.

image-1
Haqqında danışacağım qadın – böyük alim, dəyərli ziyalı, Azərbaycan ictimai-siyasi fikir tarixində dərin izlər qoyan bir xanımdır. Zərifə Əziz qızı Əliyevanın anım günüdür bu gün. Həyatını insanların gözünə işıq verməyə həsr edən, işığa, xeyirə, dostluğa və sülhə xidmət edən akademik Zərifə Əliyeva xalqımız üçün çox doğma şəxslərdəndir. Könül gözü ilə, qızıl əlləri ilə işıq paylayan bir şəxsiyyətin xatirəsi hər kəs üçün əzizdir və əvəzolunmazdır.

Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində görkəmli alim, nüfuzlu dövlət xadimi Əziz Əliyevin ailəsində doğulub. Azərbaycan SSR-in əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan MilliElmlər Akademiyasının akademiki olub.
Zərifə xanım 1947-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, 1982-1985-ci illərdə oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışıb.

Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatlarını saymaqla bitməz. Bu adların hər biri Azərbaycan qadınının qürur mənbəyidir, ideal kimlik arzusudur.

Lakin bu gün mən onun ədəbi-bədii kimliyinin də vurğunuyam. Zərifə xanımın bədii duyumu, bədii istedadı bənzərsiz idi. Onum musiqiyə, şeiriyyata sevgisi həssas qəlbinin göstəricisi idi. Pianoda məharətlə ifa edən, nəğmələr oxuyan zərif qəlbli Zərifə xanımı bu gün fəxrlə, qürurla yad edirəm.
Güclü qadınların ədəbi tərəflərinin aşiqiyəm mən. Əzəmət dolu duruşun içərisində yatan zərif duyğuların. Bu duyğulara malik olan hər bir qadın gözəldir, güclüdür, insansevərdir.

Zərif duyğulu Zərifə xanıma hörmət və ehtiramla: Gülər Mübariz


Xəbər xətti

23 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin