Kamran Əliyev Lüsyen Vongla görüşdü - FOTOLAR

12:18 - 2 Oktyabr 2024

Kamran Əliyev Lüsyen Vongla görüşdü - FOTOLAR

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29 sentyabr-2 oktyabr tarixlərində Bakıda keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir. 

 

Manset.az xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Sinqapur Respublikasının Baş Prokuroru Lüsyen Vongun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu xatırladan Kamran Əliyev, Azərbaycanla Sinqapur arasında isti münasibətlərin mövcud olduğunu söyləyib. O, bir sıra sahələrdə uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu qeyd edib. Əldə olunan müsbət nəticələrin əlaqələri daha da inkişaf etdirmək üçün səyləri birləşdirməyə stimul verdiyini vurğulayıb. 

Bildirilib ki, beynəlxalq siyasi və iqtisadi əlaqələrin yaradılması və inkişafı coğrafi baxımdan uzaq xalqların yaxınlaşmasına və nəticədə möhkəm sülh və əmin-amanlığın bərqərar olmasına kömək edir. 

"Formula 1" üzrə Azərbaycan Qran-prisindən sonra Sinqapur Qran-prisinin və Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Bakıdan sonra 30-cu yubiley tədbirinin Sinqapurda keçirilməsinin əhəmiyyətindən danışan Kamran Əliyev bunun hər iki ölkəyə beynəlxalq etimadın təcəssümü olduğunu bildirib.

Ölkəmizin prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışan Kamran Əliyev müasir dövrdə prokurorluğun cinayətkarlıqla mübarizədə rolundan və bu sahədə beynəlxalq əməkdaşlığın önəmindən danışıb, ölkələrarası təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror Kamran Əliyev, COP29 zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi - UNODC ilə birgə noyabrın 15-də “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil etdiyini bildirərək qonaqlara dəvət məktubunu təqdim edib. 

Cənab Lüsyen Vong səmimi qəbula görə minnətdarlığını ifadə edərək Azərbaycanla əməkdaşlığa ölkəsinin böyük önəm verdiyini, gələcəkdə münasibətlərin daha da dərinləşməsi üçün çalışacaqlarını bildirib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.



Xəbər xətti

14 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin