“Kontakt Home” biabırçı bayram kampaniyası ilə gündəmə gəlib. Belə ki, deputata məxsus olduğu deyilən şirkət sözün əsl mənasında işçilərini ələ salıb.
Manset.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Sevinc Paşayeva öz Facebook səhifəsində məlumat paylaşıb:
“Deyirlər, Kontakt Home bayramla əlaqədar işçilərinə 50 manat pul mükafatı təyin edib. Amma əlbəəl yox. Hərəyə bir yaşıl rəngli “Sevindirən kart” paylayıb, pulu da köçürüb içinə. Personal da ha əlləşir-vuruşur, kartdan pulu çıxara bilmir. Səbəb də odur ki, həmin “green card”la elə şirkətin öz mağazalarından mütləq nəsə almalıdırlar. Yəni verdiyim pulu təzədən elə özümə qaytar prinsipi… İndi işçilər düşüb tanış-bilişin canına ki, bəlkə kiminsə “Kontakt”dan 50 manatlıq avadanlıq almaq fikri ola, alışı bu kartla edə, sonra da öz aralarında nağdlaşdıralar. Nə isə ki, əməllicə zibilə düşüblər; yumşaq desək, şirkətin marketinq zibilinə…”, – jurnalist vurğulayıb.
Qeyd edək ki, “Kontakt Home”un deputat Elnur Allahverdiyevə məxsus olduğu iddia olunsa də, millət vəkili bunu inkar edir. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!