Bakıda evi yanan vətəndaş kömək üçün ölkə başçısı İlham Əliyevə müraciət edib.
Manset.az-a açıqlama verən Baxşıyev Fərhad Şıxəli oğlu Nərimanov rayonunda yerləşən mənzilinin yandığını, aidiyyatı qurumların ona köməklik göstərmədiyini bildirib:
“Montin qəsəbəsi, Daş karxanası 79 ünvanında yerləşən ümumilikdə 200 kvadratmetr olan evimdə yanğın oldu. Evin aşağı hissəsi yəni 100 kvadrat metri yanıb. Aidiyyatı orqanlara- Fövqəladə Hallar Nazirliyinə, Nərimanov rayon icra hakimiyyətinə və digər qurumlara müraciət etmişəm. Özüm Əfqanıstan müharibəsi iştirakçısıyam. Evimi təmir etdirməyə imkanım yoxdur. Nərimanov icra hakimiyyətinə kömək üçün müraciət etdim. Mənə cavab yazdılar ki, evinizin sənədi yoxdur, köməklik göstərə bilmərik. Halbuki evimin bütün sənədləri var. İndi bir veteran kimi evsiz qalmışam.
Mən Prezident İlham Əliyevə müraciət edirəm. Xahiş edirəm ki, yanan evimin bərpa olunması üçün aidiyyatı dövlət qurumlarına müvafiq göstəriş versin.
Bilirəm ki, Ölkə başçısı Cənab İlham Əliyev daim Qarabağ qazilərinə və döyüşçülərinə, Əfqanıstan veteranlarına, eləcə də əhalinin həssas qruplarına diqqət göstərib, onların problemlərinin həllinə köməklik göstərib. İnanıram ki, mənim də problemim öz həllini tapacaq”.