Azərbaycanda yaşı 100 və 100-dən yuxarı olan əhalinin sayı artıb.
Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, hazırda respublikada 100 yaşdan yuxarı 1021 nəfər yaşayır. Onlardan 381 nəfəri kişilər, 640 nəfəri isə qadınlardır.
Statistikaya əsasən, 2022-ci ildə Azərbaycanda 100 yaşdan yuxarı əhalinin sayı 897 nəfər qeydə alınıb. Bunlardan 287 nəfəri kişilər, 610 nəfəri qadınlar olub. 100 yaşdan yuxarı əhalinin statistik göstəriciləri 2021-ci ildə 229 nəfər kişi, 548 nəfər qadın olmaqla 777 nəfər qeydə alınıb. Əgər 2021-də bu göstərici 7,5 faiz idi, 2023-cü ilin son rübündə bu rəqəm 8,5 faiz artıb.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) açıqladığı məlumata görə, Azərbaycanın ən yaşlı pensiyaçısının 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızı olduğu qeyd edilib.
Ağdaş rayonun Hapıtlı kənd sakini 1900-cü il təvəllüdlü Bari Şamı qızı Nəbiyeva da uzunömürlülər siyahısında ikinci yerdə qərarlaşıb. 124 yaşlı uzunömürlünün üç oğlan və beş qız olmaqla səkkiz övladı, 30-dan çox nəvəsi var.
Azərbaycanın hazırda ən yaşlı kişi pensiyaçısının 104 yaşı var. Tovuz rayonunun Ağdam kənd sakini olan Fərrux Səməd oğlu Hacıyev 01.01.1920-ci ildəndir.
Qeyd edək ki, Fərrux Hacıyevin 6 nəvəsi, 5 nəticəsi var.
Məlumat üçün bildirək ki, BMT-nin “Dünya Əhali Sayı Proqnozları:2019 yoxlamaları” başlıqlı hesabatına görə, 2050-ci ildə 65 yaş və həmin yaş üzərində olan şəxslərin əhali tərkibində xüsusi çəkisi 17,8 faizə yüksələcək. Avropa və Şimali Amerikada isə 2050-ci ilədək hər 4 nəfərdən birinin 65 yaş və bundan yuxarı olacağı gözlənir.