"Hakimlərin etdikləri əvvəl səhv idi, indi isə qərəz"

20:11 - 31 Yanvar 2024

\"Hakimlərin etdikləri əvvəl səhv idi, indi isə qərəz\"

“Oyun gərgin keçdi. Bu gün qalib aşkarlanmasa da, ilk hissəni oynamışıq. Hər şeyə Qəbələdə aydınlıq gələcək. İnanıram ki, öz meydanımızda “Araz-Naxçıvan”ı məğlub etməklə yarımfinala vəsiqə qazanacağıq”.

 

Manset.az  saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin qapıçısı Rəşad Əzizli Azərbaycan kubokunun 1/4 final mərhələsində “Araz-Naxçıvan”a qarşı keçirilən ilk oyundan (1:1) sonra deyib.

Jurnalistlərin suallarını cavablandıran 30 yaşlı qolkiper bildirib ki, mərhələ adlamaq şansları yüksəkdir: “Cavab oyunu öncəsi özümüzü favorit görürəm. Səfərdə heç-heçə pis nəticə deyil. Düzdür, bu gün qalib də gələ bilərdik. Fərqlənmək üçün şanslarımız çox oldu. Qələbə qolunu vursaydıq, daha rahat olardı. Yarımfinala yüksələcəyimizə inanırıq, buna ümidimiz böyükdür”.

Əzizli hədəflərinin kuboku qazanmaq olduğunu qeyd edib: “Kubokda şansımız heç də az deyil. Özü də bu mövsüm kubokun qalibi Avropa Liqasına vəsiqə qazanacaq. Bu da bizi daha çox motivasiya edir. Kubokdan avrokuboklara gedən yol daha qısadır. Ona görə də əlimizdən gələni edəcəyik ki, ötənilki nəticəmizi təkrarlayaq. Ancaq çempionatda da sona qədər mübarizə aparacağıq. Çalışacağıq ki, turnir cədvəlində mümkün olduğu qədər yuxarı qalxaq”.

O, “Araz-Naxçıvan”ın qaçırdığı penaltiyə də toxunub: “Ürəyimə dammışdı ki, Turan sol tərəfə zərbə vuracaq. Sadəcə zərbəni qeyri-dəqiq yerinə yetirdi. Top qapıya getsəydi, penaltini qaytaracaqdım”.

Əzizli buraxılan qolda səhvə yol verdiyini etiraf edib: “Risk elədim, topu tutmağa çalışdım. Gərək o epizodda topu tutmağa çalışmazdım, elə birbaşa uzaqlaşdırardım. Çıxartsaydım, daha yaxşı olardı”.

“Qəbələ”nin qolkiperi hakimlərin idarəçiliyindən narazılığını belə ifadə edib: “Əvvəl səhv idi, indi isə qərəzdir. Bir şey olan kimi dərhal qırmızı vərəqə göstərilir. Belə rahat “qırmızı”lar verilmir. Düşünmürəm ki, bu, turnir cədvəlində aşağı pillədə olmağımızla bağlıdır. Çünki “Zirə”yə qarşı da haqsızlıqlar olur. Hakimlər səhvlərini qəbul etmək istəmirlər. Məsələn, bir epizoda 10 nəfər baxır, hamı da deyir ki, hakim burda səhv qərar qəbul edib, amma onlar razılaşmırlar. Hakimin səhv qərarı futbolçuların əziyyətini verə vurur. VAR da gəldi, amma xeyri yoxdur”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv