"Kibertəhlükəsizliyin qurbanları təkcə təhsilsiz insanlar olmur. Bunun qurbanı, həkimlər, müəllimlər, vəzifəli şəxslər də olurlar".
Manset.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forum çərçivəsində “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” adlı paneldə deyib.
Elşad Hacıyevin sözlərinə görə, bank kartından pulun oğurlanması hallarının qarşısının alınması ilk öncə məhz şəxsin özündən asılıdır:
"Vətəndaşlar öz şəxsi məlumatlarını başqalarına ötürməməlidir. Bu istiqamətdə biz təbliğat və maarifləndirmə işlərini artırmışıq. Xaricdən daxil olan zənglər, yaxud hansısa alış-veriş saytlarında kart məlumatlarının açıq paylaşılması və sair kimi hallar bu cür oğurluq hallarına yol açır”.